Accessibility links

Vladimir Putin: Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır


İlham Əliyev və Vladimir Putin (Foto president.az saytınındır)
İlham Əliyev və Vladimir Putin (Foto president.az saytınındır)

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə görüşü olub.

Azərbaycan və Rusiya prezidentlərinin rəsmi internet saytlarının məlumatına görə, görüşdə Azərbaycan-Ermənistan sərhədində son döyüşlər və ikitərəfəfli əlaqələr diqqət mərkəzində olub.

Vladimir Putin deyib ki, Rusiya-Azərbaycan ikitərəfli əlaqələri çox uğurla inkişaf edir.

“Həm ticarətin həcmi, həm də investisiyaların həcmi artır, əməkdaşlıq müxtəlif nazirliklər, idarələr, parlamentlər vasitəsi ilə də inkişaf edir.“

Rusiya prezidenti deyib ki, bu gün hamı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən çox narahatdır.

“Lakin, əlbəttə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi bu gün hamımızı çox narahat edir. Biz Sizinlə bu barədə danışmışıq. Mən dünən gecə danışdım. Siz bunu bilirsiniz, mən bu barədə Sizi və Ermənistanın baş naziri Nikol Paşinyanı məlumatlandırmışam. Yaxşı ki, əlaqələndirilmiş səylərimiz sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin mən belə başa düşürəm ki, hər halda vəziyyət gərgin olaraq qalır,” o qeyd edib

Azərbaycan prezidenti ikitərəfli münasibətlərdə çox müsbət dinamikanın olduğunu bildirib.

“Ümumilikdə, Sizin qeyd etdiyiniz kimi, biz həm ticarətdə, həm də nəqliyyat sektorunda yükdaşımaların həcminin artdığını görürük. Həmçinin, biz indi tranzit imkanlarımızın potensialından tam istifadə etmək niyyətindəyik. Beləliklə, nəticələr göz qabağındadır və əminəm ki, biz bu ili bütün sahələrdə yaxşı nəticələrlə başa vuracağıq.”

Əliyev Ermənistan-Azərbaycan sərhəd zonasında vəziyyətin gərginləşməsinə və eskalasiyasına operativ reaksiya verdiyinə görə Rusiya prezidentinə minnətdarlıq edib.

“Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinizə görə də Sizə təşəkkürümü bildirmək istərdim. Döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Doğrudur, erməni tərəfi atəşkəs rejiminə dərhal əməl etməyə başlamadı, lakin bütövlükdə artıq iki sutkaya yaxındır ki, atəşkəs rejiminə riayət olunur. Sərhəd münaqişələri olur. Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. Mənim indi yerlərdən aldığım informasiyaya görə, dediyim kimi, artıq iki günə yaxındır ki, vəziyyət sabitləşib. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq. Əlbəttə, biz bunu ətraflı müzakirə edəcəyik. Bir daha demək istəyirəm ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik,” prezident Əliyev qeyd edib.

Mövzuya uyğun

XS
SM
MD
LG