Accessibility links

Şarl Mişel: Azərbaycan və Ermənistan sülh müqaviləsi istiqamətində işin sürətləndirilməsi ilə bağlı razılığa gəlib


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan. (31 avqust, 2022)
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan. (31 avqust, 2022)

Avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli formatda görüşü olub.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair mətbuata bəyanat verib.

Bəyanatda deyilir: “May ayında keçirilmiş son görüşümüzdə razılaşdığımız kimi, bu gün mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşdüm.

Bu, bizim bu formatda dördüncü görüşümüz idi. Biz Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətləri müzakirə etdik.

Bizim fikir mübadilələrimiz açıq və məhsuldar keçdi. Buna görə hər iki liderə təşəkkür edirəm. Biz gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik.

Bizim son görüşümüzdə əldə etdiyimiz razılaşmalar istiqamətində bəzi addımların atıldığını görmək sevindirici haldır.

Sülh razılaşması

Bu gün biz Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəldik və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verdik.

Humanitar məsələlər

Biz, həmçinin humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, əsirlər və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr apardıq.

Avropa İttifaqı bu məsələlərlə məşğul olmaqda davam edəcək.

Sərhəd məsələləri

Biz sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etməyi nəzərdən keçirdik.

Biz Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəldik.

Kommunikasiya

Biz nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələri nəzərdən keçirdik.

Bütün bu müzakirələrlə qeyd etmək istəyirəm ki, hər iki tərəfin əhalisini uzunmüddətli və davamlı sülhə hazırlamaq vacibdir. Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir.

Avropa İttifaqı uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazırdır.

Avropa İttifaqı hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək

Biz noyabrın sonunda yenidən bu formatda görüşməklə bağlı razılığa gəldik,” Şarl Mişelin bəyanatında deyilir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev twitter səhifədə yazıb ki, Azərbaycan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rolunu yüksək qiymətləndirir.

“Biz Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib,” o qeyd edib.

Ermənistan hökumətinin mətbuat xidməti bildirib ki, görüşdə əsirlərin azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin öyrənilməsi, sərhədlərin demarkasiyası və təhlükəsizliyi, regional blokadanın aradan qaldırılması, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması, Qarabağ problemi ilə bağlı məsələlər müzakirə edilib.

“Xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsi layihəsinin hazırlanması ətrafında substantiv danışıqların davam etdirilməsi barədə razılıq əldə olunub. İki ölkənin xarici işlər nazirlərinin görüşü bir ay ərzində baş tutacaq. Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə komissiya üzvlərinin növbəti iclası noyabrda Brüsseldə keçiriləcək. Liderlər formatında növbəti görüş noyabrda baş tutacaq,” məlumatda qeyd edilir.

Qeyd edək ki, bu, analoji formatda sayca dördüncü görüş idi. İlk görüş 14 dekabr 2021-ci ildə, ikinci görüş 6 aprel 2022-ci ildə, üçüncü görüş isə 23 may 2022-ci ildə keçirilib.

Mövzuya uyğun

XS
SM
MD
LG