Accessibility links

Avropa İttifaqının xüsusi nümayəndəsi, Azərbaycan Prezidentinin köməkçisi və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi görüşüb


Brüsseldə Toivo Klaar, Hikmət Hacıyev və Armen Qriqoryan görüşüb (Foto Toivo Klaarın twitter hesabındandır)
Brüsseldə Toivo Klaar, Hikmət Hacıyev və Armen Qriqoryan görüşüb (Foto Toivo Klaarın twitter hesabındandır)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Bu barədə Toivo Klaar twitter hesabında qeyd edib.

"Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə yaxşı və əsaslı müzakirələrimiz oldu," o yazıb.

Müşahidəçilərin firkincə, görüşdə Azərbaycan və Ermənistan liderlərinin brüsseldə keçiriləcəyi gözlənilən növbəti görüşü barədə fikir mübadləsi aparılıb.

Xatırladaq ki, bundan öncə, avqustun 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Twitter səhifəsində yazıb ki, Azərbayacan və Ermənistan liderləri yaxın zamanda Brüsseldə görüşəcək.

“Mən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla regionda son hadisələrlə bağlı ayrı-ayrılıqda telefonla danışmışam. Deeskalasiyanı və açıq əlaqələri təmin etdirmək üçün birlikdə çalışırıq. Brüsseldə liderlərlə bizim növbəti görüş ərəfəsində dialoqun davam etdirilməsi və gündəlikdəki bütün məsələlər üzrə konkret irəliləyişin əldə edilməsi əsas məsələdir,” o twitter səhifəsində qeyd edib.

Son zamanlar Dağlıq Qarabağ və ətrafdakı bir sıra ərazilərdə hərbi gərginlik yaranıb, avqustun 3-də döyüşlər qeydə alınıb. Nəticədə azı bir Azərbaycan və iki erməni hərbi qulluqçusu həlak olub, daha çox sayda hərbi qulluqçular yaralanıb.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays avqustun 17-də deyib ki, ABŞ Dağlıq Qarabağda və onun ətrafında son döyüşlər, o cümlədən bunun nəticəsində baş vermiş itkilər və insan tələfatı ilə bağlı dərin narahatlığını bildirir.

"Biz tərəfləri gərginliyi azaltmaq və daha da gərginləşmədən qaçmaq üçün təcili addımlar atmağa çağırırıq. Son vaxtlar gərginliyin artmasını qeyd edərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə hərtərəfli və davamlı həllinin zəruriliyini vurğulayırıq. Beləliklə, bəzi zorakılıqla nəticələnən gərginliyin güclənməsini müşahidə etsək də, tərəflərlə işləməyə sadiq qalacağıq. Biz ikitərəfli, eyni zamanda Avropa İttifaqındakı həmfikir tərəfdaşlarımızla və ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkələrə uzunmüddətli, hərtərəfli sülhün tapılmasına kömək etmək üçün səylərimizi davam etdirəcəyik,” Prays qeyd edib.

“Uğursuzluqlara baxmayaraq, biz hələ də imkanları görürük və bunun tez bir proses olmayacağını həmişə başa düşmüşük. Mümkün olan hər şeyi etmək və Ermənistanla Azərbaycan arasında uzunmüddətli, hərtərəfli sülhə kömək etmək üçün çalışırıq," Ned Prays Qarabağda nizamlanmanın perspektivləri və ABŞ-ın rolu barədə sualın cavabında bildirib.

Mövzuya uyğun

XS
SM
MD
LG