Avqustun 2-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri Zakir Həsənov arasında telefon danışığı olub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.
Rusiya müdafiə nazirinin Azərbaycan müdafiə naizi ilə telefon söhbəti Rusiya Prezidenti Valdimir Putinin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon söhbətindən bir neçə saat sonraya təsadüf edir.
Kremlin mətbuat xidmətinin məlumatına göerə, avqustun 2-də Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb, tərəflər Dağlıq Qarabağ üzrə sazişlərin icrasını müzakirə ediblər.
“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Dağlıq Qarabağ üzrə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin həyata keçirilməsinin ayrı-ayrı praktiki aspektləri müzakirə edilib. Putin və Paşinyan müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər,” məlumatda qeyd edilir.
Bundan öncə, avqustun 1-də Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı olub. Karen Donfrid hər iki nazirlə regiondakı son durumu müzakirə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, tərəflər Azərbaycan ilə Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması prosesinin mövcud durumu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında ikitərəfli görüşlər nəticəsində bəyanatların icrası məsələləri barədə fikir mübadiləsi aparıb.
Nazir Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması zəruriliyi ilə bağlı Azərbaycanın məlum mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.
“Bayramov tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edib. Bu xüsusda 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulanıb,” məlumatda qeyd edilir.
Mətbuat xidməti idarəsi bildirir ki, telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üzrə növbəti addımlar, regional gündəlikdə duran məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı regionda mövcud təhlükəsizlik mühiti ilə bağlı fikir mübadiləsi aparılıb.
“Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması, eləcə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunub. 44 günlük müharibə nəticəsində yaranan humanitar problemlərin həllinə toxunan tərəflər erməni hərbi əsirlərin və digər məhbusların dərhal azad edilməsinin vacibliyini vurğulayıblar,” məlumatda qeyd edilir.