Accessibility links

Lavrov Minsk qrupunun gələcək taleyinin necə olacağını bilmədiyini deyib


Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə danışıqların nəticələri haqda mətbuatın suallarını cavablandırır. 8 aprel, 2022.
Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə danışıqların nəticələri haqda mətbuatın suallarını cavablandırır. 8 aprel, 2022.

“Fransa və ABŞ Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya Federasiyası ilə əməkdaşlıqdan imtina edib.” Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Interfaks agentliyinin yaydığı məlumata görə, cümə günü Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla danışıqların nəticələri barəsində mətbuat konfransı zamanı Lavrov bildirib ki, Minsk qrupu üzrə amerikalı və fransalı tərəfdaşlar Rusiya ilə bu formatda ünsiyyətdə olmayacaqlarını deyiblər və bu səbəbdən o, həmin formatın gələcək taleyinin necə olacağını bilmir.

“Əgər onlar Qababağ və bütövlükdə Cənubi Qafqazda məsələnin həllini qurban verməyə, indiki halda erməni tərəfinin maraqlarını qurban verməyə hazırdırlarsa, bu onların haqqıdır” – deyə, Rusiya xarici işlər naziri bildirib.

Lavrov bu yanaşmanın “tamamilə məsuliyyətsiz” olduğunu deyib. “Bu bizi əzmimizdən çəkindirməyəcək. Biz həmişə olduğu kimi indi də Qarabağdakı vəziyyətin həll edilməsinə dəstək göstərməyə və indiyədək Rusiya, Ermənistan və Azərbaycan liderlərindən ibarət üçtərəfli format əsasında əldə olunan razılıqların həyata keçirilməsi öhdəliyimizə sadiqik” - Lavrov əlavə edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Amerikanın Səsinin müxbirinin Rusiya xarici işlər nazirinin açıqlamaları ilə bağlı sualına cavabında bildirib ki, ABŞ Cənubi Qafqaz regionunun sülh, demokratik və firavan gələcəyinin təşviq edilməsi öhdəliyinə sadiq qalır.

“Biz Ermənistan və Azərbaycanın diplomatik münasibətləri davam etdirməyə və intensivləşdirməyə, o cümlədən mövcud mexanizmlərdən istifadə edərək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məsələlərin hərtərəfli həllinə, münasibətlərin normallaşdırılması vasitəsilə əhatəli sülh razılaşmasının əldə edilməsinə çağırırıq” – deyə, o bildirib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan və Azərbaycanın səylərinə dəstək göstərməyə hazırdır.

XS
SM
MD
LG