Accessibility links

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında razılaşmaları açıqlayıb


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış edib.

Şarl Mişel qeyd edib ki, bu, onların bu formatda üçüncü müzakirələri olub.

"Biz Cənubi Qafqazdakı vəziyyətə və Aİ-nin hər iki ölkə, eləcə də daha geniş regionla əlaqələrinin inkişafına diqqət yetirdik. Müzakirə səmimi və məhsuldar keçdi. Biz bütün məsələlər toplusunu nəzərdən keçirdik. Humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi səyləri və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirə apardıq" - deyə, o bildirib.

Şarl Mişelin sözlərinə görə, tərəflər aşağıdakı nəticələrə nail olublar:

- Sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası dövlətlərarası sərhəddə yaxın günlərdə baş tutacaq. Bu görüş sərhədlərin delimitasiyası və sabit vəziyyətin təmin edilməsi ilə bağlı məsələləri müzakirə edəcək.

- Liderlər nəqliyyat xətlərinin açılmasına başlanılması ehtiyacı haqda razılığa gəliblər. Onlar, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan, eləcə də Ermənistanın müxtəlif hissələri ilə Azərbaycan arasında və hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəliblər. Xüsusilə, onlar sərhəd administrasiyası, təhlükəsizlik, torpaq ödənişləri ilə bərabər beynəlxalq nəqliyyat kontekstində gömrük prinsipləri məsələlərində razılıq əldə ediblər. Yaxın günlərdə baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.

- Liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh sazişinə dair müzakirəni irəliyə aparmaq barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Bununla bərabər, mən hər iki liderə Qarabağdakı etnik erməni əhalisinin haqları və təhlükəsizliyi məsələlərinin həll edilməsinin əhəmiyyətini vurğuladım.

- Avropa İttifaqı hər iki tərəflə birlikdə İqtisadi Məşvərət Qrupunun işini irəliyə aparacaq. Bu qrup hər iki ölkənin və onların xalqlarının rifahı üçün iqtisadi inkişafı artırmağa çalışır.

"Mən, həmçinin əhalilərin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini də vurğuladım. Avropa İttifaqı öz dəstəyini gücləndirməyə hazırdır," Şarl Mişel qeyd edib.

"Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik" - deyə, Mişel əlavə edib.

Bu görüşün yekunları barədə rəsmi Bakı hələlik detallı açıqlama yaymayıb.

Öz növbəsində Ermənistan hakimiyyəti rəsmi açıqlama yayıb.

"Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması üzrə işin davam etdirilməsi və sərhədlərin demarkasiyası və təhlükəsizliyi komissiyasının işə başlaması üzrə razılıq əldə olunub.

Eləcə də ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar prosesinə hazırlıq, humanitar problemlər, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər müzakirə edilib," açıqlamada bildirilir.

Ermənistan tərəfi qeyd edir ki, üçtərəfli görüşlərin davam etdirilməsi üzrə razılıq əldə olunub: iyulda, yaxud avqustda bu formatda görüş planlaşdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG