Accessibility links

ABŞ dövlət katibinin köməkçisi Azərbaycan xarici işlər naziri ilə yaranmış gərginliyi müzakirə edib


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin köməkçisi Karen Donfrid
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin köməkçisi Karen Donfrid

Sentyabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında növbəti telefon danışığı zamanı Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində davam edən gərginlik müzakirə edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində davam edən gərginlik barədə məlumat verib və yaranmış vəziyyətdən Azərbaycan tərəfinin ciddi narahatçılığını qarşı tərəfin diqqətinə çatdırıb.

"13 sentyabrda əldə olunmuş atəşkəsə baxmayaraq, Ermənistan tərəfinin razılığı pozaraq mövqelərimizə hücum etməkdə davam etdiyi, hərbi qulluqçularımızın həlak olduğu vurğulanıb. Azərbaycanın yalnız Ermənistan tərəfinin hücumlarına qarşılıq verdiyi və hərbi birləşmələrini hədəf aldığı qeyd edilib. Ermənistanın qeyd-şərt olmadan atəşkəsə əməl etməsinin, təxribatlardan çəkinməsinin və problemlərin danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın Ermənistan ilə siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlı olduğu bildirilib" , məlumatda qeyd edilir.

Mətbuat xidməti idarəsi bildirir ki, Karen Donfrid bölgədə artan gərginlikdən narahatlığını diqqətə çatdırıb, ABŞ tərəfinin hərbi əməliyyatların dərhal dayandırılacağını və atəşkəsə əməl olunacağını gözlədiyini bildirib. O, sabitliyin təmin olunmasının və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin vacib olduğunu vurğulayıb.

ABŞ Dövlət katibi Antoni Blinken sentyabrın 12-də gecə saatlarında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı "Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar, o cümlədən Ermənistanın atəşə tutulması ilə bağlı xəbərlərdən dərin narahatlığını" ifadə edib.

Blinken tərəfləri "hərbi əməliyyatlara dərhal son qoymağa" çağırıb.

XS
SM
MD
LG