Accessibility links

Dövlət Departamenti: ABŞ Ermənistanla Azərbaycan arasında həll edilməmiş məsələləri danışıqlar yolu ilə həll etməyə çalışır


Dövlət Departamentinin sözçüsü Ned Prays 
Dövlət Departamentinin sözçüsü Ned Prays 

“Nyu-Yorkda dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündə “tərəflərə sülh prosesini necə irəlilətmək barədə fikir mübadiləsi aparmağı təklif edib”.

Bu barədə Dövlət Departamentinin nümayəndəsi Ned Prays sentyabrın 26-da mətbuat üçün gündəlik brifinqdə bildirib.

“Hər iki tərəfi bir araya gətirmək bizim üçün və xüsusilə dövlət katibi üçün vacib idi. Təbii ki, dövlət katibinin iki tərəflə söhbətləri olub, lakin bu, iki xarici işlər nazirinin son zorakılıq hadisəsindən sonra keçirdiyi ilk üz-üzə görüş idi. Dövlət katibi hər iki tərəfə atəşkəs rejiminin saxlanmasının, sakitliyin qorunmasının vacibliyini bildirib və qeyd edib ki, biz davamlı atəşkəsə və sülh yolu ilə həllə sadiqik. Biz hər iki xarici işlər nazirinə açıqladıq ki, Birləşmiş Ştatlar ikitərəfli, çoxtərəfli şəkildə, tərəfdaşlarla birlikdə danışıqlar prosesini dəstəkləməyə hazırdır. Bura Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin liderləri bir araya gətirmək səylərinə dəstəyimiz də daxildir. Həmin görüş zamanı onlar irəliyə doğru ən yaxşı yolu müzakirə etdilər və dövlət katibi tərəflərə sentyabrın sonuna qədər sülh prosesinin mənalı şəkildə irəliləyişinə dair fikirləri bölüşməyi təklif edib,” Prays qeyd edib.

O bildirib ki, ABŞ Azərbaycanı qoşunlarını ilkin mövqelərinə qaytarmağa çağırır.

“Biz hərbi qüvvələrin buraxılmasına çağırırıq və Ermənistanla Azərbaycan arasında bütün həll edilməmiş məsələləri sülh danışıqları yolu ilə həll etməyə çalışırıq. Gücdən istifadə məqbul yol deyil. Biz bunu özəl olaraq açıqladıq. Biz bunu açıq şəkildə açıqladıq və şadıq ki, yüksək səviyyədə, o cümlədən keçən həftə Nyu-Yorkda hər iki ölkə ilə davam edən əlaqəmiz hərbi əməliyyatları dayandırmağa kömək etdi və biz əlaqə saxlamağa və təşviq etməyə davam edəcəyik. Çünki bu münaqişənin hərbi həlli ola bilməz və yoxdur.”

Dövlət Departamentinin nümayəndəsi tərəflər arasında görüşün vaxtı və yeri ilə bağlı sualın cavabında deyib ki, bu barəsə tərəflər qərar verəcək.

“Lakin biz hesab edirik ki, Ermənistan və Azərbaycan arasında birbaşa əlaqənin davam etdirilməsi təkcə onların maraqlarına deyil, həm də regionun və onun hüdudlarından kənarda maraqlara uyğundur. Biz yenə də ikitərəfli, üçtərəfli, çoxtərəfli şəkildə kömək etməyi təklif etmişik və təbii ki, Avropa İttifaqı burada mühüm rol oynayır.”

Ned Prays deyib ki, ABŞ həm Ermənistan, həm də Azərbaycan rəsmiləri ilə müntəzəm əlaqə saxlayır və bu davam etdiriləcək.

ABŞ-ın danışıqlar prosesini irəli aparmaq planının olub-olmması ilə bağlı sualın cavabında Prays deyib ki, Birləşmiş Ştatlar “hər hansı plan təqdim etmək iqtidarında deyil və ola da bilməz”.

“Bizim vəzifəmiz tərəfləri bir araya gətirmək, dialoqu asanlaşdırmaq, fikir ayrılıqlarını aradan qaldırmaq üçün tərəflərə kömək etmək, fikir ayrılıqlarını sülh və diplomatik yolla həll etməkdir. Keçən həftənin mövzusu budur. davamlı əlaqəmiz bundan ibarətdir,” o, qeyd edib.

Bu arada Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kalla görüşərək regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Azərbaycanın ABŞ-dakı səfirliyi Twitter hesabında bildirib ki, görüşdə ikitərəfli əməkdaşlıq məsələsi müzakirə olunub.

Mövzuya uyğun

XS
SM
MD
LG