Accessibility links

Kavano: "İki ölkə arasında problemlərin danışıqlar yolu ilə həllinə ehtiyac var"


Kavano: "İki ölkə arasında problemlərin danışıqlar yolu ilə həllinə ehtiyac var"
please wait

No media source currently available

0:00 0:08:27 0:00

Kavano: "İki ölkə arasında problemlərin danışıqlar yolu ilə həllinə ehtiyac var"

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano Amerikanın Səsinə müsahibədə Azərbaycanla Ermənistan arasında baş verən son döyüşlər fonunda Minsk Qrupunun gələcək rolu, Türkiyə və Rusiyanın regiondakı nüfuzundan danışıb.

Amerikanın Səsi: Cənub Kavano, Ermənistan-Azərbaycan sərhədində baş verən son döyüşlərə münasibətiniz necədir?

Keri Kavano: Kədərlidir, amma gözlənilməz deyil. Ara-sıra döyüşlər davam edirdi. Təəssüf ki, bu həftə gördüklərimiz 2020-ci ildə, 6700-nin insanın həyatını itirdiyi müharibədən bəri ən ağır döyüşlər idi. Artıq üç-dörd gün ərzində Ermənistanla Azərbaycan sərhədində itkilərin sayının 200-ə yaxınlaşdığını gördük.

Düşünürəm ki, biz beynəlxalq ictimaiyyət tərəfindən sülhə və atəşkəsin bərpasına çağırış baxımından kifayət qədər sürətli reaksiya gördük. Amma biz artıq rusların vasitəçiliyi ilə əldə edilmiş atəşkəsin pozulduğunu görmüşük. Bir neçə saat əvvəl daha bir atəşkəs əldə olunub və ümid edirik ki, o davam edəcək. Amma məncə, buna o qədər də inam yoxdur. Zənnimcə, döyüş çətinlinklərin olduğunu vurğulayır. Hələ də qəti sülh razılaşması əldə olunmayıb. İki ölkə arasında problemlərin danışıqlar yolu ilə həllinə ehtiyac var və bu baş verməyib.

Amerikanın Səsi: Qafqaz danışıqları üzrə yeni təyin olunmuş baş məsləhətçi Filip Riker həm də ATƏT-in Minsk Qrupunun ABŞ həmsədri kimi fəaliyyət göstərəcək. O, bu yaxınlarda Azərbaycanda səfərdə olub və Azərbaycan rəhbərliyi ilə, o cümlədən prezident İlham Əliyevlə görüşüb. Rəsmi Bakı əvvəllər qrupu tənqid edib və Minsk qrupunun fəaliyyətinin canlandırılmasının ABŞ-ın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən uzaqlaşmasına gətirib çıxaracağını bildirib. ABŞ-ın keçmiş həmsədri kimi, Minsk qrupunun bu prosesdə perspektivi barədə nə düşünürsünüz?

Keri Kavano: Hesab edirəm ki, Bakı uzun illərdir Minsk Qrupundan şikayət edir. Ancaq sonra da onun bu problemi həll etmək məqsədilə fəaliyyət göstərmək üçün ATƏT tərəfindən məsuliyyət, BMT tərəfindən isə dəstək verilən beynəlxalq forum olduğunu dərk edərək birbaşa onunla işləyir. Buna görə də mən təəccüblənmədim. Onlar sual edir ki, bəs qrupu niyə canlandırırsınız?

Prezident Əliyev Rikerlə görüşdü, Baş nazir Paşinyanla görüşdü. Və onun rəsmi titulu Qafqaz danışıqları üzrə baş məsləhətçidir. Yəni Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ və ya başqa məsələlər, o cümlədən Gürcüstanda vətəndaş müharibəsi, etnik problemlər kimi məsələlər üzərində danışıqlar. Və həm də onun titulu simvolik olaraq Minsk Qrupunun həmsədridir. Yəni bu o deməkdir ki, Əliyev “mən sizin Minsk Qrupunu canlandırmağınızı istəmirəm” desə də, Səfir Riker təkcə Minsk Qrupunu təmsil etmir. O, Dövlət katibinin regionla bağlı nələrin baş verdiyini, nələrin edilməli olduğunu öyrənmək üçün üz tutacağı insan olacaq.

Mən Əliyevin onunla görüşdüyünə təəccüblənmirəm. Ümid edirəm ki, aralarındakı görüş səmərəli keçib. Mən hələ ki, onunla bağlı heç nə eşitməmişəm, amma belə olduğunu hesab edirəm, çünki hətta keçmişdə belə, məsələn 2020-də döyüşlər getdiyi zaman onlar mətbuata deyirdi ki, Minsk Qrupu heç nə etməyib, amma daha sonra Prezident Əliyev arxada otağa keçib, Minsk Qrupu ilə görüşüb, çox səmimi və səmərəli müzakirələr aparırdı.

Bəs Minsk Qrupuna indi nə olacaq? Məncə biz onun mövcud olduğunu, səlahiyyətinin qaldığını görürük. Amma Ukraynadakı vəziyyəti nəzərə aldıqda Rusiya, Fransa və Birləşmiş Ştatların əvvəl Minsk Qrupunda əməkdaşlıq çərçivəsində apardıqları dialoqu davam etdirmələri çətindir. Mən ümid edirəm ki, bu bərpa olunar. Filip Riker mənim dostumdur. Biz dəfələrlə birlikdə işləmişik. Mən onun diplomatik bacarıqlarının olduğuna əminəm. O, etnik münaqişələr, dini fərqliliklər, Qafqazda gördüyümüz bir çox xüsusiyyətlər, Ermənistan və Azərbaycan, Gürcüstan və Gürcüstanın qonşuları arasındakı problemlər baxımından eyni dərəcədə gərgin olan Balkanlarda çox işlər görüb. Yəni, onun çox faydalı bacarıqları var. Mənim ümidim odur ki, daha yaxşı ABŞ-Rusiya münasibətləri qurulduğunda, Minsk Qrupu kimi alətlərlə daha çox irəliləyiş əldə oluna bilər.

Amerikanın Səsi: ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı bildirib ki, o, Rusiyanın Ermənistanla Azərbaycan arasındakı münaqişədə “aranı qızışdırmağa” cəhd edə biləcəyindən narahatdır. Dövlət katibin bu açıqlamasını necə qiymətləndirirsiniz?

Keri Kavano: Mən onun bunu nə üçün dediyini başa düşürəm. Mən Rusiyanın ortalığı qarışdırdığından əmin deyiləm. Mən Rusiyanın bunu istədiyini düşünmürəm. Rusiyanın özünün başı Ukraynada yaratdığı problemlərə qarışıb.

Ancaq zənnimcə regiondakı oyunçular bunu, bəlkə də, Rusiya başqa yerdə məşğul olduğu zaman nə edə biləcəklərini sınamaq üçün bir fürsət olaraq gördülər. Bildiyiniz kimi, 2020-ci ildə əldə olunan atəşkəsin şərtlərinə əsasən, Rusiya regiona 2000 sülhməramlı yerləşdirib. Onlar oradadırlar. Ancaq mən ötən il oradakı əsgəri qüvvənin bir hissəsinin dəyişdirildiyinə dair xəbər oxudum. Yəni oraya daha çox əsgərlik xidmətinə yeni başlayan, orduya yeni daxil olan insanlar yerləşdirilib. Mən hesab edirəm ki, daha təcrübəli əsgərlər Ukraynada döyüşlərə cəlb olunub. Yəni orada fərqli bir mühit yaranıb və bəlkə də insanlar, “Rusiya çox məşğuldur, gəlin görək nə edə bilirik” deyə düşünüb. Biz də nəticədə bazar ertəsindən başlayaraq Ermənistanın atəşə tutulduğunun şahidi olduq.

Amerikanın Səsi: Bəziləri Rusiyanın diqqətinin Ukraynaya yönəlməsi ilə Türkiyənin bölgədəki nüfuzunu artırmaq üçün fürsətdən istifadə edəcəyini iddia edir, həmçinin onu da nəzərə alsaq ki, Ermənistan və Türkiyə münasibətlərinin normallaşmasına doğru irəliləyiblər. Bəs son döyüşlər və Ankaranın Bakıya dəstəyi fonunda Türkiyənin Cənubi Qafqazdakı rolunun perspektivləri necədir?

Keri Kavano: Məncə Türkiyənin regiondakı rolu ümumilikdə əslində yaxşılaşıb. Məncə biz bir neçə istiqamətdə bunun şahidi olmuşuq. Türkiyə hər zaman unikal mövqedədir. Türkiyə ABŞ və Qərbi Avropanın NATO müttəfiqidir. Ancaq eyni zamanda Rusiyanın qonşudur. Qafqazın qonşudur. Onun Azərbaycanla dil və mədəniyyət baxımından tarixi əlaqələri var. Eyni zamanda isə Ermənistanla da tarixi əlaqələri var. Ona görə də onları bir və ya digər bir kateqoriyaya daxil etmək asan deyil. Biz son bir neçə ayda Ukrayna və Rusiyadan taxılın daşınması üçün sövdələşməyə vasitəçilik etmək məqsədilə Türkiyə tərəfindən, zənnimcə, çox faydalı hərəkətlərə şahid olduq. Yaxın Şərq və Hindistandan tutmuş İndoneziyaya qədər bu taxıla çox ehtiyac duyulur. Ukrayna və Rusiya bütün şimali Afrikanın ən böyük taxıl tədarükçüləridir. Beləcə bununla hər iki tərəf, faktiki olaraq, insanlara ehtiyacları olan taxılı çatdıra bildilər.

Türkiyə həm də boğazlar və Bosfora nəzarəti səbəbilə Qara Dənizdə hərbi fəaliyyətə kifayət qədər təsir göstərdi. Məncə biz bunun səmərəli olduğunu gördük. Ermənistanda belə bir düşüncə var ki, Türkiyə 2020-ci ildəki döyüşlərdə səhv rol oynayıb. Ancaq Türkiyənin mövqeyi bundan daha həssasdır. Heç kəs Türkiyənin Azərbaycana Ermənistandan daha yaxın olduğuna təəccüblənmir. Ancaq eyni zamanda hər zaman belə bir sual da var ki, Rusiya Ermənistana Azərbaycandan daha yaxındırmı? Və məncə buna Rusiyanın Gümrüdə hərbi bəzasının olması, habelə Rusiya və Ermənistanın birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olması reallığı səbəb olur.

XS
SM
MD
LG