Accessibility links

Ceyhun Bayramov ABŞ-da səfərdədir


Ceyhun Bayramov, Antoni Blinken, Ararat Mirzoyan (Kollaj Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Ceyhun Bayramov, Antoni Blinken, Ararat Mirzoyan (Kollaj Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun noyabrın 6-da Vaşinqton şəhərinə səfəri başlayıb.

Bu barədə Xaric İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat verib.

Məlumatda deyilir ki, səfər çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri ilə görüşün keçirilməsi nəzərdə tutulub.

Bundan əlavə Ermənistan xarici işlər nazirliyinin sözçüsü də twitterin-də görüşün olacağı barədə məlumat yayıb.

Bundan öncə, bu il sentyabrın 19-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Nyu-Yorkda görüş olub. Dövlət katibi dəfələrlə Azərbaycan və Ermənsitan liderləri, həmçinin xarici işlər nazirləri ilə telefonla danışıb.

Oktyabrın 31-də isə Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli formatda görüş olub.

Görüşün yekunları üzrə birgə bəyanatda deyilir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrasını müzakirə edib.

"Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirilib. Biz humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə, güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıq" , sənəddə qeyd edilir.

Oktyabrın 31-də Soçidə keçirilən üçtərəfli görüşədək iki ölkə arasında aparılan sülh danışıqlarına Avropa İttifaqı vasitəçilik edib. Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri artıq dörd dəfə görüşüb. Sonuncu dəfə bu il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü olub.

Görüşdən sonra Yelisey sarayının rəsmi saytında yayılan bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqları 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.

Bundan əlavə Avropa İttifaqının rəsmi saytında dərc edilmiş bəyanatda da deyilir ki, tərəflər "təsdiqləyiblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək".

Praqa görüşündən sonra, oktyabrın 7-də ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Ermənistan və Azərbaycanın möhkəm sülh sazişinə nail olmaq üçün atdığı addımları dəstəkləyir və problemlərin dinc yolla həllində Ermənistana və Azərbaycana kömək etməyə sadiqdir.

Alma-Ata Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirib və MDB-nin yaradılmasını elan edib. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

XS
SM
MD
LG