Accessibility links

Aİ tərəfləri ritorikalarını mülayimləşdirməyə və bir-birlərinə qarşı təhdid və iddialardan çəkinməyə çağırır


FILE PHOTO: European Union flags flutter outside the EU Commission headquarters in Brussels, Belgium June 17, 2022.
FILE PHOTO: European Union flags flutter outside the EU Commission headquarters in Brussels, Belgium June 17, 2022.

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərini davam etdirəcək.

Bu barədə Aİ-nin Ali Nümayəndəsinin sözçüsünün adından münaqişənin həlli və barışıq səyləri ilə bağlı yayılmış bəyanatda deyilir:

“Bu həftə Dağlıq Qarabağ münaqişəsi zonasında 44 günlük müharibənin başa çatmasının ikinci ili tamam olur. Bu münasibətlə Aİ son 30 ildə münaqişənin bütün azərbaycanlı və erməni qurbanlarını yad edir. Bu çətin irsi tam dərk edərək, hər iki tərəfi düşmənçilik səhifəsini çevirməyə, daha çox insan itkisi və zərərlərin qarşısını almaq üçün barışıq səylərini davam etdirməyə çağırırıq.”

Bəyanatda qeyd edilir ki, Aİ Ermənistan və Azərbaycan rəhbərliyinin fikir ayrılıqlarını aradan qaldırmaq və regionda davamlı və dayanıqlı sülhə nail olmaq üçün atdığı çoxsaylı addımları alqışlayır.

“Aİ onların müxtəlif səviyyələrdə və formatda davam edən danışıqlarda dayanıqlı iştirakını yüksək qiymətləndirir. Bu danışıqların çətin olduğu və vaxt tələb edəcəyi aydın olsa da, vaxt itirmədən, irəliyə doğru konkret addımlar barədə razılığa gəlmək və regionda bütün əhalinin rifahı üçün təhlükəsiz və firavan mühiti təmin etmək çox vacibdir. Hələ də kövrək bir mühitdə, son 30 ilin yaralarının sağalmaqdan çox uzağa getdiyi bir şəraitdə Aİ tərəfləri ritorikalarını mülayimləşdirməyə və bir-birlərinə qarşı təhdid və iddialardan çəkinməklə, gərginliyin hər hansı lüzumsuz artmasının qarşısını almağa çağırır” - bəyanatda deyilir.

Məlumatda o da qeyd olunub ki, Avropa İttifaqı Aİ Şurasının Prezidenti Şarl Mişelin şəxsi səyləri, Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell, Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar və Aİ-nin digər mexanizmlərinin iştirakı da daxil olmaqla, hər iki tərəfin istəyinə cavab verərək öz fəaliyyətini davam etdirəcək. Həmçinin qalan bütün məsələlərin hərtərəfli və ədalətli həlli istiqamətində tərəflərə dəstək olmağa davam edəcək.

Noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında geniş tərkibli görüş keçirilib. Eyni zamanda ABŞ Dövlət Katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub.

Blinken Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla Ağ evdən aralı dövlət qonaq evi olan Blair House-da görüşüb.

"İki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə doğru irəliləmək üçün real və cəsarətli addımlar atdığını görürük" , Blinken deyib.

Vaşinqtondan əvvəl, Ermənistan və Azərbaycan liderləri oktyabrın 6-da Praqada, oktyabrın 31-də Soçidə görüşüblər.

XS
SM
MD
LG