Accessibility links

Azərbaycan xarici işlər naziri və ABŞ Dövlət katibinin köməkçisi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə edib 


Ceyhun Bayramov və Karen Donfrid
Ceyhun Bayramov və Karen Donfrid

Oktyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Twitter hesabında yazıb ki, telefon danışığı zamanı tərəflər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh səylərinin perspektivləri haqqında müzakirə aparıb.

“Ölkəmin regionumuzda sülh və sabitliyə nail olmağa sadiqliyini və tam hazır olduğunu bir daha vurğuladım,” Bayramov qeyd edib.

Bundan əlavə Rusiya prezidentinin mətbuat xidmətinin məlumatına görə, oktyabın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənir. Buna qədər ötən ilin dekabrından başlayaraq iki ölkə arasında aparılan sülh danışıqlarında əsas vasitəçiliyi Avropa İttifaqı edib.

Belə ki, Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü olub.

Görüşdən sonra Prezident İlham Əliyev tərəflərin hər dəfə sülhə daha da yaxınlaşdığını bildirib.

"Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır. Hələ ki, təmaslar davam edir. Hər halda, sülh prosesinə artıq təkan verildi" , Əliyev görüşdən sonra qeyd edib.

Görüşdən sonra Yelisey sarayının rəsmi saytında yayılan bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqları 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.

Bundan əlavə Avropa İttifaqının rəsmi saytında dərc edilmiş bəyanatda da deyilir ki, tərəflər "təsdiqləyiblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək".

Ermənistan Baş nazirinin rəsmi saytında dərc edilən bəyanatda bildirilir ki, Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan bu missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq etməyi qəbul edib.

Praqa görüşündən sonra, oktyabrın 7-də ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Ermənistan və Azərbaycanın möhkəm sülh sazişinə nail olmaq üçün atdığı addımları dəstəkləyir və problemlərin dinc yolla həllində Ermənistana və Azərbaycana kömək etməyə sadiqdir.

Alma-Ata Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirib və MDB-nin yaradılmasını elan edib. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

XS
SM
MD
LG