Accessibility links

Riçard Hoqland: ABŞ Cənubi Qafqazda sülh prosesinə sadiq qalır


Riçard Hoqland: ABŞ Cənubi Qafqazda sülh prosesinə sadiq qalır
please wait

No media source currently available

0:00 0:07:39 0:00

Riçard Hoqland: ABŞ Cənubi Qafqazda sülh prosesinə sadiq qalır

ABŞ dövlət katibi Antoni Blinken noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşündən öncə açıqlamalar verərkən Birləşmiş Ştatların Azərbaycan və Ermənistanın suverenliyinin güclü dəstəkçisi olduğunu vurğulayıb. O, ABŞ-ın birbaşa dialoq vasitəsilə sülh prosesinə dəstəyini bir daha qeyd edərək, hər iki ölkənin sülh və Cənubi Qafqaz regionunun daha parlaq gələcəyi üçün çalışdığını deyib. ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, səfir Riçard Hoqland Amerikanın Səsinə müsahibədə Vaşinqtonda dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü və Birləşmiş Ştatların Cənubi Qafqazda sülhə nail olunması prosesində səylərini şərh edib.

Amerikanın Səsi: Dövlət katibi Antoni Blinken davamlı sülh sazişinin əldə edilməsi istiqamətində irəliləyişə imkan yaratmaq məqsədilə birbaşa ikitərəfli danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünə ev sahibliyi edib. Dövlət Departamentinin açıqladığı bəyanata əsasən, Birləşmiş Ştatlar hər iki ölkə tərəfindən davamlı sülh razılaşması istiqamətində işləmək üçün real addımlar atdığını görür. ABŞ-ın sülh prosesində və iki ölkə arasında sülhə nail olunması səyləri haqda nə söyləyə bilərsiniz?

Riçard Hoqland: Sizə demək istəyirəm ki, məhz bu gün səhər mən ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi müşaviri, səfiri Filip Rikerlə söhbət etmişəm və biz dövlət katibi Blinkenlə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında bazar ertəsi Vaşinqtonda keçirilən görüş haqqında danışmışıq. O mənə dedi ki, hamınızın gördüyü bəyanatlardan başqa real konsensus var. Görüş açıq, səmimi və peşəkar keçib. Bu, irəliyə doğru bir addım idi. Hesab edirəm ki, eyni zamanda qeyd etmək lazımdır ki, dövlət katibi Blinken həqiqətən Cənubi Qafqazda sülh prosesinə sadiqdir, lakin bu, ABŞ-ın maraqlarına görə deyil. Bunun səbəbi Birləşmiş Ştatların 10, 20, 30 il və daha çox müddət ərzində regionda mübahisəli ərazilərə görə dağıntılar, təhlükələr və ölüm hallarını müşahidə etməsi ilə bağlıdır və hazırkı administrasiya, prezident Baydenin Vaşinqtondakı administrasiyası heç bir başqa oyunçuya qarşı hərəkət etmir. Biz Cənubi Qafqaz xalqları naminə fəaliyyət göstəririk. Regionda 20 ildən artıq fəaliyyət göstərən bir şəxs kimi mən hökumətim tərəfindən bu addımların atıldığını eşitdiyimə çox şadam.

Amerikanın Səsi: Vaşinqtonda görüş Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə Soçidə üçtərəfli görüşündən bir həftə sonra keirilib. Son aylarda ABŞ və Avropa İttifaqı prezidentrlə və xarici işlər nazirləri səviyyəsində bir neçə görüş keçirərək, təşəbbüs göstəriblər. Sizin fikrinizcə, Soçi görüşünün məqsədi nə idi, Rusiya prezidenti nəyə çalışırdı və Moskvanın niyyətləri nədən nədən ibarət idi?

Riçard Hoqland: Mən əlbəttə ki, prezident Vladimir Putinin adından danışa bilmərəm, amma gəlin, açığını deyək ki, Rusiya coğrafi və tarixi baxımdan regionda əsas oyunçudur. Rusiyanın bu regionda maraqlı olması tamamilə təbiidir. Əslində, yadda saxlamalısınız ki, Dağlıq Qarabağ Sovet İttifaqı dağılandan sonra sürəkli xarakter daşıyan münaqişələrdən biri idi və təkcə Dağlıq Qarabağ deyil, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Dnestryanı, Ukraynada Luqansk və Donetsk [münaqişələri] var idi. Rusiya hazırda Ukrayna ilə məşğuldur. Mən bundan artıq bir şey söyləməyəcəyəm. Amma mən hesab edirəm ki, Rusiya öz coğrafi bölgəsində olduğu üçün regionla davamlı əlaqədə olduğuna əmin olmaq istəyir. Bu, beynəlxalq danışıqlarda təbii bir şeydir.

Amerikanın Səsi: Sizin qeyd etdiyiniz kimi, Moskva hələ də Cənubi Qafqazda əsas rol oynayır. Siz həmçinin Ukraynada müharibəni qeyd etdiniz. Bəzi müşahidəçilər Rusiya qüvvələrinin hazırda Ukraynada geri çəkildiyini və Moskvanın məğlub olduğunu qeyd edir. Rusiyanın regionda xüsusilə də Ukraynada müharibəsinin nəticələri baxımından gələcəkdə rolu nədən ibarət olacaq?

Riçard Hoqland: “Yaxşıların ən yaxşısı olan dünyada” Rusiya beynəlxalq səhnədə hörmət edilən bir oyunçu olacaqdı, başqa ölkənin ərazisinə və xalqına hücum etməyəcəkdi. Regionda həyatı yaxşılaşdırmaq üçün nə edə biləcəyimizi soruşacaqdı. Ukraynada nə olacağını heç kim bilmir. Heç kim gələcəyi proqnozlaşdıra bilməz. Bu, Ukrayna xalqı və infrastrukturu üçün dağıdıcı, son dərəcə acınacaqlı bir vəziyyətdir. Bununla belə, biz həmişə irəliyə baxmalıyıq və ən yaxşı şeyə ümid etməliyik. Lakin hazırda suallar hələ də qalır və heç kim bu suala cavab verə bilməz.

Amerikanın Səsi: Birləşmiş Ştatlar və Avropa İttifaqının regional sülh və sabitliyi təşviq etmək üçün yaxın gələcəkdə regionda diplomatiyası hansı formatda aparılacaq?

Riçard Hoqland: Bu, çox yaxşı sualdır. Sizə deyə bilərəm ki, ABŞ Avropa İttifaqında həmkarlarımız və dostlarımızla çox sıx təmasdadır. Eyni zamanda, belə bir vəziyyətdə dünyanın hansı yerində baş verməsindən asılı olmayaraq, kənar oyunçular kömək etməyə çalışsalar da problemi həll edə bilmirlər. Əsl həll yolu problemi olan ölkələrin liderlərinin özlərindən gəlməlidir. İki lider deməlidir ki, “bəsdir, artıq bölgədə sülhün vaxtı çatıb”. Amma təkcə bu deyil, onlar həm də öz əhalisini “işlər müəyyən qədər dəyişəcək, biz övladlarımız və nəvələrimiz üçün uzunmüddətli sülh və regionda firavanlığın olduğu məqama gəlib çatacağıq. Amma siz bizə etibar etməlisiniz” demək üçün hazırlamalıdırlar. Onlar insanlara deməlidirlər ki, “biz ən müsbət istiqamətdə irəliləyəcəyik”. Mən ümid edirəm ki, liderlər bunu edəcəklər.

Amerikanın Səsi: Səfir Hoqland, siz bu yaxınlarda Azərbaycana səfər etmisiniz. Bu, sizin ilk səfəriniz deyil, bundan əvvəl də bir neçə dəfə regiona səfərlər etmisiniz. Bu səfərdən sonra nə düşünürsünüz, regionda nəhayət sülhün bərqərar olacağına ümid varmı?

Riçard Hoqland: Məncə, ümid var. Biz ümidin olduğuna inanmalıyıq. Bəli, siz haqlısınız. Bu ilin əvvəlində mənim əvvəllər işğal olunmuş əraziyə avtomobil yolu ilə səyahət etmək kimi fövqəladə imkanım oldu. Mən Şuşa şəhərinə bir daha səfər etmək şərəfinə nail oldum. Artıq həmin vaxt bərpa işlərinin getdiyini görməyimə çox şad oldum. Mən bilirəm ki, o vaxtdan bəri daha çox işlər görülüb. Biz orada yaşayan insanlarla söhbət etdik və onlar dedilər ki, “biz uşaqlarımızı və nəvələrimizi sülh və təhlükəsizlik mühitində böyüdə biləcəyimizə ümid edirik”. Dünyanın hər yerində insanların istədiyi budur və biz ümid edirik ki, regionun xalqları üçün də bu belə olacaq. Ümid edirəm ki, əgər Azərbaycan və Ermənistan hökumətləri bunu izləyirlərsə və biz onların bu proqramları izlədiyini bilirik, o zaman onlar ABŞ-ın mövqeyinin əslində nə olduğunu eşidəcəklər. Biz burada ona görə deyilik ki, özümüzü mərkəzdə qoymaq istəyirik. Biz təsir etmək istədiyimizi söyləmək üçün də burada deyilik. Bizim tariximizdə bir neçə dəfə olduğu kimi biz kömək göstərmək üçün fəaliyyət göstəririk. Biz regionun xalqları üçün mümkün olan ən yaxşı nəticəni görmək istəyirik. Regionda sülh, təhlükəsizlik, iqtisadi artım üçün imkan var. Gəlin bunun necə baş verdiyini görək. Liderlərin insanları bir araya gətirə bilməsinə imkan verilsin ki, bu baş versin. Bu şəxsən mənim mesajım olardı.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG