Accessibility links

Dövlət Departamentinin sözçüsü: Barışığı təşviq etmək üçün beynəlxalq səyləri dəstəkləməyə davam edirik


Dövlət Departamentinin sözçüsü oktyabrın 6-da keçirilən brifinqdə müxbirlərin suallarını cavablandırarkən Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsində baş verən insan itkilərindən dəhşətə gəldiyini və ölən insanların ailələrinə “dərin başsağlığı” çatdırdığını deyib.

Amerikanın Səsinin müxbirinin Azərbaycanın Ermənistan qüvvələri tərəfindən öldürüldüyünü iddia etdiyi əsgərlərin kütləvi məzarlığını aşkar etməsi ilə bağlı sualına cavab olaraq Vedant Patel günahkarların məsuliyyətə cəlb edilməli olduğunu deyib.

"Bu münaqişə boyu əziyyət çəkən və sevdiklərini itirən ailələr cavabdehliyin olduğunu görməyə layiqdirlər," o deyib. "Sülhə nail olmaq, sağalmaq üçün cavabdehlik olmalıdır,” Patel əlavə edib.

Sözçü ABŞ-ın həqiqət və barışığı təşviq etmək üçün beynəlxalq səyləri dəstəkləməyə davam etdiyini bildirib. “Biz inanırıq ki, bu proseslər Ermənistan ilə Azərbaycan arasında davam edən və onların da öz üzərinə götürdüyü sülh prosesi ilə paralel gedə bilər,” Dövlət Departamentinin sözçüsü bildirib.

Oktyabrın 4-də Azərbaycan rəsmiləri Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlığın aşkarlandığına dair məlumat yayıb. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Twitter hesabında yazıb.

“Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzar – hərbçi olduğu müəyyənləşdirilən 12 nəfərin qalıqları aşkarlanıb. Müharibə cinayətləri ilə bağlı danışanların nəzərinə: Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlı itkin düşüb, onlardan çoxu işgəncəyə məruz qalıb, öldürülüb və kütləvi məzarlarda dəfn edilib,” Leyla Abdullayeva bildirib.

Bundan bir neçə gün öncə isə Ermənistan tərəfi Azərbaycan silahlı qüvvələrini son gərginliklər zamanı və daha əvvəlki döyüşlərdə müharibə cinayətləri törətməkdə günahlandırıb.

Ermənistan xarici işlər nazirliyi oktyabrın 2-də yaydığı bəyanatda “Azərbaycanlı istifadəçilər tərəfindən mütəmadi olaraq sosial şəbəkələrdə yayılan çoxsaylı videolar müharibə cinayətlərini, o cümlədən erməni əsirlərinin məhkəmədənkənar edamını və işgəncəyə məruz qaldıqlarını, habelə meyitlərin təhqir olunduğunu göstərir” bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays oktyabrın 3-də Twitter səhifəsidə Azərbaycan əsgərləri tərəfindən erməni hərbi əsirlərin öldürüldüyü ilə bağlı verilən məlumatlarla bağlı dərin narahatlığını bildirib və iddia edilən görüntülərlə bağlı tam araşdırma aparılmasına çağırıb.

“Birləşmiş Ştatlar Azərbaycan əsgərlərinin silahsız erməni hərbi məhbusları öldürməsi ilə bağlı son xəbərlərdən dərin narahatdır. Biz tam və qərəzsiz araşdırmaya çağırırıq. Hər hansı cinayətə görə məsuliyyət daşıyanlar cavab verməlidir,” Ned Prays yazıb.

Son günlər sosial şəbəkələrdə Azərbaycan və Ermənistan hərbçiləri tərəfindən güllələnmə və meyitlərin təhqir edilməsi göstərildiyi iddia edilən video görüntülər paylaşılıb. Ermənistan və Azərbaycan bir-birini hərbi cinayətlər törətməkdə ittiham edib. Videoların birində Azərbaycan əsgərləri tərəfindən erməni hərbi əsirlərin güllələndiyi, digər videoda isə Ermənistan hərbçilərinin Azərbaycan əsgərlərinə qarşı hərbi cinayət törədildiyi iddia edilir.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda münaqişə üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter səhifəsində yazdığı iki tvitdə “erməni hərbi əsirlərin edam edildiyi daha bir dəhşətli videonun yayıldığını”, daha sonra isə ona “azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərildiyini” yazıb.

O, videoların araşdırılmalı və həqiqi olduğu halda cinayəti törədənlərin məsuliyyətə cəlb olunmalı olduğunu bildirib. “Münaqişə hər iki tərəfdə dərin yaralar qoyub və onları sağaltmaq üçün cavabdehlik lazımdır,” Toivo Klaar bildirib.

Hərbi cinayətlərin törədiliyi iddia edilən video görüntülərin nə zaman baş verdiyi dəqiq məlum deyil, lakin onların bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində baş vermiş son gərginliklər zamanı çəkildiyi ehtimalı irəli sürülür.

XS
SM
MD
LG