Accessibility links

Azərbaycan və Ermənistan birgə işçi qrupların görüşü barədə razılığa gəlib


Ceyhun Bayramov və Ararat Mirzoyan
Ceyhun Bayramov və Ararat Mirzoyan

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri aprelin 25-də məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsi bildirir ki, nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıb.

"Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər. Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Tərəflər, həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb," Azərbaycan Xarici İşlər Nazirliyi bildirir.

Ermənistan Xarici İşlər Nazirliyi də eyni məzmunlu məlumat yayıb.

"Nazirlər iki ölkə liderləri səviyyəsində əldə olunmuş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparıb. Tərəflər delimitasiya və sərhəd təhlükəsizliyi üzrə komissiyanın strukturunu razılaşdırıb. Yaxın vaxtlarda delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının iclasının keçirilməsi barədə razılıq əldə olunub. Tərəflər humanitar məsələlərin həlli, eləcə də sülh danışıqlarının hazırlanması ilə bağlı məsələləri də müzakirə edib," Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

Bundan öncə aprelin 11-də Azərbaycan və Ermənistan xarici işlər naziri arasında telefon danışığı olub.

İki ölkə arasında birbaşa təmaslar aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüşdən sonra başlayıb.

Avropa İttifaqının görüşün yekunları ilə bağlı yaydığı bəyanatda deyilir:

"Prezident Mişel həm prezident Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılması razılaşdırılıb.

Onların ikitərəfli sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq; bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək Birgə Sərhəd Komissiyasının yaradılması razılaşdırılıb.

Birgə Sərhəd Komissiyasının mandatı Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası və sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etməkdən ibarət olacaq.

Liderlər Ermənistan və Azərbaycan arasında, xüsusən də Cənubi Qafqazda kommunikasiya/əlaqə infrastrukturunun bərpasını müzakirə ediblər.

Prezident Mişel dəmir yolu xətlərinin bərpası istiqamətində atılan addımları alqışlayıb, eyni zamanda Ermənistan və Azərbaycanı avtomobil yolu əlaqələrinin bərpası üçün effektiv həll yolları tapmağa təşviq edib. Aİ öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə əlaqələrin inkişafına dəstək verməyə hazırdır,” sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG