Accessibility links

ABŞ Azərbaycan-Ermənistan danışıqlarının davam etdirilməsini dəstəkləyir


Metyu Miller (Rəsmi foto)
Metyu Miller (Rəsmi foto)

"Biz Ermənistanla Azərbaycan arasında danışıqların davam etdiyini görməkdən məmnunuq. Dövlət katibi Blinkenin dediyi kimi Cənubi Qafqazda sülhə nail olmaq olar. Biz bu yaxınlarda baş nazir Paşinyanın sülhə sadiqliyini ifadə etdiyinə görə minnətdarlığımızı bildirdik və prezident Əliyevin amnistiya ilə bağlı son açıqlamalarını alqışlayırıq".

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin mətbuat üçün məlumatında deyilir.

Sənəddə qeyd olunur ki, Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşları ilə görüşəcək.

"Ermənistan və Azərbaycan liderləri bu həftənin sonunda Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcək və ümid edirik ki, bu, zorakılıq yolu ilə deyil, danışıqlar masası arxasında məsələlərin həlli üçün məhsuldar addım olacaq. Aqressiv ritorika yalnız keçmişin zorakılığını davam etdirə bilər. Konstruktiv dialoq - həm ictimai, həm də özəl - sülh, imkan və ümid yarada bilər. Birləşmiş Ştatlar davamlı və layiqli sülh sazişi bağlamaq üçün hər iki tərəfin səylərini dəstəkləməyə hazırdır", məlumatda qeyd edilir.

Mayın 1-dən 4-dək Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, danışıqların keçirildiyi günlər ərzində iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olublar.

"Biz yekun razılığa çox yaxınıq", Blinken qeyd edib.

Vaşinqton görüşü barədə həm Azərbaycan, həm də Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatlarda sülh qurulması haqqında ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılığın əldə edildiyi, lakin bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığı vurğulanıb.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Brüssel görüşündə tərəflər sərhəd məsələləri, nəqliyyat xətlərinin bərpası, humanitar məsələlər və Qarabağda yaşayan erməni əhalinin hüquqları və təhlükəsizliyi kimi məsələlər müzakirə edilib.

"Brüssel görüşündə liderlər 1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanla (29,800 kvadrat kilometr) Azərbaycanın (86,600 kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə birmənalı sadiqliklərini təsdiqləyiblər. Biz Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də bununla bağlı cəsarətli bəyanatını və Ermənistanın sərhədlərin delimitasiyası üzərində işləməyə açıq şəkildə hazır olmasını alqışlayırıq. Biz Azərbaycan prezidenti İlham Əliyevin 25 may tarixli bəyanatını da alqışlayırıq", Avropa İttifaqının bəyanatında qeyd edilir.

Azərbaycan və Ermənistan liderləri mayın 25-də Moskvada Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli formatda görüşüb.

Rusiya Prezidenti Valdimir Putin bildirib ki, bu həftənin sonunda Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər.

"Onlar belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır", o qeyd edib.

Rusiya baş nazirinin müavini, üçtərəfli işçi qrupun rusiyalı həmsədri Aleksey Overçuk Ermənistanla Azərbaycan arasında həll olunmamış məsələlərdən danışarkən deyib ki, bunlar texniki, lakin çox vacib detallardır.

"Söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir. Sərhəd və gömrük nəzarəti necə aparılacaq. Bu, baş nazirin müavinlərinin Moskvada müzakirə edəcəyi suallardır", Overçuk qeyd edib.

Iyunun 1-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın paytaxtı Kişinyovda yenidən görüşəcək. Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq görüşə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə yanaşı Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolts qatılacaq.

Kişinyov görüşündən sonra tərəflərin iyul ayında Brüssel formatında yenidən görüşəcəyi də gözlənilir.

Mövzuya uyğun

XS
SM
MD
LG