Accessibility links

Ceyk Sallivan: Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq


Ceyk Sallivan (Rəsmi foto)
Ceyk Sallivan (Rəsmi foto)

"Biz Ermənistan və Azərbaycanın danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayırıq və dialoqun davam etdirilməsini təşviq edirik. Davamlı və ədalətli razılaşma hər iki ölkə və region üçün imkanların açılması üçün əsas olacaq".

This image contains sensitive content which some people may find offensive or disturbing.
Cake Sallivanın twitter hesabı
Cake Sallivanın twitter hesabı

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycanın və Ermənistanın xarici işlər naziri Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşündən sonra Twitter hesabında yazıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, görüş zamanı Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb.

"Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlarından əl çəkməsinin vacib olduğu qeyd edilib. Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsinin qəbuledilməz olduğunu diqqətə çatdırılıb.

Nazir eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb", məlumatda qeyd edilir.

Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir ki, regional təhlükəsizlik və sabitlik, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər müzakirə edilib.

"Ararat Mirzoyan qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağa qarşı davam edən təcavüzkar siyasəti, Ermənistanın suveren ərazilərinin işğalı regionda sabitliyin bərqərar edilməsi səylərinə töhfə vermir. Nazir Mirzoyan vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağa qarşı hərəkətləri, ən yüksək səviyyədə eşitdiyi nifrət sözləri və açıq güc tətbiqi ilə hədələmələri Azərbaycanın Dağlıq Qarabağda etnik təmizləmə aparmaq niyyətindən və real təhlükədən xəbər verir", məlumatda deyilir.

Mayın 1-də Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrılıqda görüşüb. Bundan sonra Dövlət katibinin iştirakı ilə üçtərəfli formatda görüş olub. Daha sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.

Rəsmi məlumatlara görə, bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün ikitərəfli danışıqların növbəti raundudur. Görüşlərdə regionda sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunur.

Mayın 2-də keçirilən ənənəvi brifinqdə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, ABŞ Cənubi Qafqazda sülh prosesinə və dinc gələcəyə dəstəkdə sadiqdir.

"Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həllinin açarıdır", o Turan agentliyinin sualının cavabında bildirib.

XS
SM
MD
LG