Accessibility links

Azərbaycan Ermənistan Ordusunun hərbçilərini istintaqa cəlb etdiyini bildirir


Azərbaycan Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti birgə məlumat yayaraq bildirib ki, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin "təxribat-diversiya qrupu" tərəfindən Azərbaycan dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

“Belə ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu - Harut Hovakimyan və Karen Qazaryan saxlanılıb”.

Ermənistan Müdafiə Nazirliyi mayın 26-da erməni hərbçilərinin Azərbaycan tərəfindən saxlanılmasını təkzib etsə də, mayın 27-də iki hərbi qulluqçusunun itkin düşdüyünü təsdiq edib.

Azərbaycan Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin birdə məlumatında bildirilir ki, Azərbaycan Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Məlumata əsasən, Harut Hovakimyan və Karen Qazaryan toplanmış sübutlar əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Ermənistan Müdafiə Nazirliyi mayın 27-də bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun idarə etdiyi, döyüş məntəqələri üçün nəzərdə tutulmuş ərzaq və su ilə yüklənmiş arxa təchizat maşını mövqelərarası yolda aşkar edilib.

“Bir daha bildiririk ki, Azərbaycan sərhəd xidmətinin guya ermənilər tərəfinin təxribata cəhd etməsi barədə yaydığı xəbər tamamilə yalandır və dezinformasiyadır. Ermənistan tərəfinin bunu təkzib etmək üçün kifayət qədər sübutu var və beynəlxalq tərəfdaşlara təqdim olunacaq. Aşkar edilmiş avtomobildə hərbçilərdən birinə məxsus silah da aşkar edilib. Bu onu göstərir ki, hərbçilər maşından düşsələr də, yerdə istiqaməti tapa bilməyiblər, təxribat məqsədləri ola bilməz”, məlumatda qeyd edilir.

XS
SM
MD
LG