Accessibility links

Dövlət Departamenti: ABŞ Cənubi Qafqazda sülh prosesinə və dinc gələcəyə dəstəkdə sadiqdir


Antoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan üçtərəfli görüşdə (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Antoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan üçtərəfli görüşdə (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Mayın 2-də Vaşinqtonda Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında sülh danışıqları davam etdirilib.

Mayın 2-də keçirilən ənənəvi brifinqdə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib ki, ABŞ Cənubi Qafqazda sülh prosesinə və dinc gələcəyə dəstəkdə sadiqdir.

"Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həllinin açarıdır", o Turan agentliyinin sualının cavabında bildirib.

Turan agentliyinin bağlı qapılar arxasına aparılan danışaqlar zamanı nələrin baş verməsi və nazirlərdən başqa daha kimlərin danışıqlarda iştirakı baqədə sualının cavabda Vedant Patel deyib ki, iki ölkənin nümayəndə heyəti var.

"Ancaq ABŞ tərəfdən bir sıra rəsmilər də bununla dərindən məşğul olur. Aydındır ki, Qafqaz danışıqları üzrə baş müşavir Lou Bono təkcə bu görüşlər vasitəsilə deyil, həm də Cənubi Qafqazda davamlı fəaliyyəti sayəsində bununla dərindən məşğul olub. Bilirsiniz ki, katib Blinken dünən səhər plenar iclasda iştirak edib və bazar günü axşam nazirləri şam yeməyində qonaq etmək imkanı əldə edib. Və biz məsələ ilə dərindən məşğul olmaqda davam edəcəyik", o qeyd edib.

Mətbuat katibinin müavini bu həftə Dövlət katibi Blinkenin iki ölkənin nazirləri ilə yenidən görüşüb-görüşməməyi ilə bağlı suala qeyri-müəyyən cavab verib.

"Mən bu həftənin cədvəlini qabaqlamaq istəmirəm. Sadəcə olaraq görüşlərin və müzakirələrin davam edəcəyini bilirəm", Vedant Patel deyib.

Mayın 1-də Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrılıqda görüşüb. Bundan sonra Dövlət katibinin iştirakı ilə üçtərəfli formatda görüş olub. Daha sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.

Rəsmi məlumatlara görə, bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün ikitərəfli danışıqların növbəti raundudur. Görüşlərdə regionda sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunur.

Bazar ertəsi Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Turan agenliyinə bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında səhər Vaşinqton yaxınlığında başlayan müzakirələr "çox konstruktiv olub".

XS
SM
MD
LG