Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasına yardım alqışlana bilər.
Bu barədə Tass.ru agentliyi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskova istinadən bildirib.
Peskovun sözlərinə görə, Bakı ilə Yerevan arasında vəziyyətin nizamlanmasına yardım yalnız Rusiya Federasiyası ilə birlikdə imzalanmış üçtərəfli sazişlər əsasında olduqda alqışlana bilər, çünki onlara alternativ yoxdur.
"İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə hərəkətlərin və addımların mümkün inkişafı ilk növbədə Rusiya ilə birlikdə imzalanmış üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya kömək edəcək başqa hüquqi əsaslar yoxdur. Müvafiq olaraq, hələlik bu üçtərəfli sənədlər alternativsizdir. Təbii ki, bu bazada nizamlanmaya kömək edə biləcək istənilən yardımı alqışlamaq olar. Amma biz onu da bilirik ki, nizamlanmanın əsasını bulandırmağa müxtəlif cəhdlər olur, hansı ki, gələcəkdə nəticə verməyə bilər. Ümid edək ki, bu halda söhbət birinci haldan gedir", Kremlin sözçüsü ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşünü şərh edərkən qeyd edib.
ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşlərindən sonra Twitter hesabında paylaşım edib.
"Bu həftə yeni binamız - Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqları aparırıq. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır", Dövlət katibi qeyd edib.
Mayın 1-də Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrılıqda görüşüb. Bundan sonra Dövlət katibinin iştirakı ilə üçtərəfli formatda görüş olub. Daha sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.
Rəsmi məlumatlara görə, bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün ikitərəfli danışıqların növbəti raundudur. Görüşlərdə regionda sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunur.
Bazar ertəsi Dövlət Departamentinin yüksək rütbəli rəsmisi Turan agenliyinə bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında səhər Vaşinqton yaxınlığında başlayan müzakirələr "çox konstruktiv olub".