Accessibility links

Azərbaycan-Ermənistan danışıqlarının konstruktiv keçdiyi bildirilir


Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüşdə (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Ceyhun Bayramov və Ararat Mirzoyan ikitərəfli görüşdə (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Mayın 1-də Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrılıqda görüşü keçirilib. Bundan sonra Dövlət katibinin iştirakı ilə üçtərəfli formatda görüş olub. Daha sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb.

Rəsmi məlumatlara görə görüşlərdə Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi üçün ikitərəfli danışıqların növbəti raundu, həmçinin regionda sabitlik və təhlükəsizlik məsələləri müzakirə olunur.

Antoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan üçtərəfli görüşdə (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Antoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan üçtərəfli görüşdə (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Bazar ertəsi Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi Turan agenliyinə bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün səhər Vaşinqton yaxınlığında başlayan müzakirələr “çox konstruktiv olub”.

“Nazirlər ilk dəfədir ki, bir neçə günlük dialoq üçün bir araya gəliblər. Dövlət katibi Antoni Blinkenin bu gün səhər onlarla ayrı-ayrılıqda, eləcə də üçtərəfli formatda görüşləri olub. ABŞ-ın öhdəliyi “Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcəyi təşviq etməkdir”, ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək səviyyəli rəsmisi bildirib.

“Biz uzun müddətdir deyirik ki, birbaşa dialoq davamlı sülhə nail olmaq üçün problemlərin həllinin açarıdır. Biz müzakirələrin həftə ərzində davam edəcəyini gözləyirik”, rəsmi Turan agenliyinin danışıqların vaxtı ilə bağlı sualına cavab verib.

Antoni Blinken və Ceyhun Bayramov (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)
Antoni Blinken və Ceyhun Bayramov (Foto Azərbaycan Xarici İşlər Nazirliyinindir)

Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi qeyd edib ki, Vaşinqton həftə ərzində Ermənistan və Azərbaycan nümayəndələrinin “həll yolu axtarmaq üçün birbaşa və səmimi müzakirələr aparacağına” ümid edir və gözləyir.

Turan agentliyinin müxbirinin “ABŞ özünü danışıqlar üçün platforma təmin etməklə məhdudlaşan ölkə kimi sayır, yoxsa Vaşinqtonun mümkün nəticə barədə planları var?” sualına Dövlət Departamentinin sözçüsü belə cavab verib: “Məqsədimiz danışıqlar üçün platforma təqdim etməkdir. Ikitərəfli müzakirələr və davamlı sülhə doğru irəliləyiş əldə etmək üçün birlikdə iş görülmüşdür. Biz Ermənistan və Azərbaycanla bunu birlikdə edə bildiyimiz üçün çox xoşbəxt və qürurluyıq”.

ABŞ-ın rəhbərlik etdiyi dialoqa Rusiyanın mövqeyi ilə bağlı Turan agentliyinin sualına cavab olaraq, Dövlət Departamentinin digər rəsmisi deyib ki, “ruslar bunu mənfi qəbul etsələr, məyus olarıq”.

Antoni Blinken və Ararat Mirzoyan (Foto Ermənistan Xarici İşlər Nazirliyinindir)
Antoni Blinken və Ararat Mirzoyan (Foto Ermənistan Xarici İşlər Nazirliyinindir)

Rəsmilərin dediyinə görə, “ən vacibi tərəflərin Vaşinqtonda, Brüsseldə və ya Moskvada, harada baş verməsindən asılı olmayaraq bir-biri ilə əlaqə qura bilməsidir”.

“Burada məqsədimiz tərəflər arasında davamlı, balanslaşdırılmış və ləyaqətli sülhdür”, Dövlət Departamentinin sözçüsü qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Twitter hesabında bildirib ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə əsaslanan sülhün vaxtı çatıb.

Aprelin 30-da ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə, bundan öncə isə Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı olub.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, Dövlət katibi Blinken sülhün mümkün olduğuna inandığını bildirib.

XS
SM
MD
LG