Accessibility links

ABŞ rəsmisi Azərbaycan-Ermənistan sülh danışıqlarının perspektivlərini müzakirə edib


Ceyhun Bayramov və Lui Bono (Mənbə: Xarici İşlər Nazirliyi)
Ceyhun Bayramov və Lui Bono (Mənbə: Xarici İşlər Nazirliyi)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında deyilir ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gələcək perspektivləri, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub.

"Ceyhun Bayramov Üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, Azərbaycanın 8 kəndini işğal altında saxladığını, mütəmadi hərbi və siyasi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Bununla yanaşı, Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, onların dərhal azad edilməsinin vacib olduğunu bildirib", məlumatda qeyd edilir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin bildirdiyinə görə, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono 13-22 aprel tarixlərində Cənubi Qafqaz regionunda səfərdə olacaq.

"Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır", ABŞ səfirliyinin mətbuat xidməti Amerikanın Səsinə bildirib.

"Bu, cənab Bono üçün dövlət katibi Blinken, Ermənistanın baş naziri və Azərbaycan prezidentinin 18 fevral tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşünə, dövlət katibinin martda liderlərlə apardığı telefon danışıqlarına və keçən ay cənab Bononun regiona səfərinə əsaslanmaq imkanı olacaq. Ermənistan və Azərbaycanın sülh prosesində səmərəli iştirakı üzrə bu yaxınlarda göstərdiyi səylər bizi ruhlandırır və cənab Bono bu stimulu inkişaf etdirməyə ümid edir. Cənab Bono vurğulayır ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz üçün dinc, demokratik və mütərəqqi gələcəyi təşviq etməyə sadiqdir", səfirlik qeyd edib.

Ermənistan mediasının məlumatına görə, aprelin 14-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Lui Bononun görüşü olub.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, tərəflər aprelin 11-də Azərbaycanın Laçın rayonu və Ermənistanın Sünik vilayətinin sərhədində yerləşən Tex kəndi yaxınlığında baş verən toqquşmanı müzakirə ediblər.

"Lui Bono gələcəkdə gərginlikdən yayınmaq üçün konstruktiv addımların və sülh prosesinə sadiqliyin zərurətini vurğulayıb. Qriqoryan Ermənistan tərəfin danışıqlar prosesinə sadiqliyini təsdiq edib, mövcud problemlərin nizamlanması üçün Ermənistanın yanaşmalarını təqdim edib", məlumatda bildirilir.

Qeyd edək ki, aprelin 17-də ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsin Ermənistana gəlib.

Ermənistan mediasının məlumatına görə, aprelin 17-18-də baş tutacaq səfər zamanı dövlət katibinin müavini Olson baş nazir Nikol Paşinyan, Ermənistan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcək, ikitərəfli Ermənistan-Amerika əməkdaşlığı və ABŞ-ın hərtərəfli sülh razılaşmasının əldə edilməsinə yönəlmiş Ermənistan-Azərbaycan diplomatik danışıqlarına yardımı məsələlərini müzakirə edəcək.

XS
SM
MD
LG