Accessibility links

Fransanın baş diplomatının Azərbaycana səfəri regiondakı gərginlik üzərində cəmləşib


Ceyhun Bayramov və Ketrin Kolonna
Ceyhun Bayramov və Ketrin Kolonna

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda səfərdədir. O, aprelin 27-də Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.

Danışıqların əsas mövzusu Ermənistan-Azərbaycan və Fransa-Azərbaycan münasibətlərindəki son gərgin durum olub. Tərəflər arasında Fransanın münaqişə tərəflərinə qarşı birtərəfli mövqeyi və Azərbaycanın suveren ərazisi olan Laçında Ermənistanla-Xankəndini birləşdirən yolun başlanğıcında sərhəd-nəzarət məntəqəsi qurması ilə bağlı fikir ayrılığı yenə qalmaqdadır. Bu hər iki nazirin görüşlərdən sonra keçirdikləri mətbuat konfransındakı bəyanatlarında da açıq hiss edilib.

Nazir Ceyhun Bayramov bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycanla Fransa arasında fikir ayrılıqları yaranıb. O xatırladıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz Konstitusiyası, BMT Nizamnaməsi və legitim hüquqlarına əsaslanaraq torpaqlarını azad edib.

"Ancaq postmünaqişə dövründə Fransa ilə münasibətlərdə müəyyən fikir ayrılıqları yarandı. Buna baxmayaraq, Azərbaycan hətta gərginlik dövründə belə Fransa ilə təmasları davam etdirib. Biz təmaslara həmişə açıq olmuşuq", nazir qeyd edib.

Ceyhun Bayramov
Ceyhun Bayramov

Bayramov deyib ki, yaxın zamanlarda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir. Onun sözlərinə görə, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə ötən ilin noyabrından bəri fiziki təmaslar olmayıb.

"Ancaq beynəlxalq təşkilatların təkidi nəticəsində yaxın zamanlarda Ermənistanın danışıqlar masasına qayıtması gözlənilir. Nəqliyyat-kommunikasiya xətlərinin açılması və delimitasiya prosesi olduqca vacib məsələdir".

O deyib ki, Azərbaycan Laçın yolunda şəffaf nəzarət mexanizmini təmin etmək üçün müvafiq addımlar atıb. Onun sözlərinə görə, bu gün Laçın yolu açıqdır və istifadə olunur.

"Biz bu gün Laçın yolundakı durumu da müzakirə etdik. Bu məsələ ayrılıqda götürülə bilməz, ümumi bir məsələnin komponentidir. Mən xanım Kolonnanı ermənilərin qanunsuz əməlləri barədə məlumatlandırdım. Laçın yolundan sui-istifadə hallarının ən ağrılı nəticəsi Ermənistandan Azərbaycan ərazisinə minaların daşınmasıdır. Təəssüf ki, mina qurbanlarının sayı ilə bağlı rəqəmlər demək olar, hər həftə artır".

Nazirin sözlərinə görə, Azərbaycanda 2020-ci il 10 noyabr bəynatından sonra mina qurbanlarının sayı 294 nəfərə çatıb.

Azərbaycan-Fransa iqtisadi əlaqələrinə gəlincə o deyib ki, Azərbaycan və Fransa arasında qarşılıqlı investisiyaların həcmi bir neçə milyard avroya çatıb.

"Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, eləcə də regional məsələləri, yük daşınmalarını müzakirə etdik. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam oldu. Bu müddət ərzində müxtəlif sahələrdə münasibətlər çox dinamik inkişaf edib. Buraya birgə enerji layihələri, kosmik, humanitar, sosial və digər əməkdaşlıq sahələri daxildir", nazir əlavə edib.

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna bildirib ki, Azərbaycan Ermənistanla sülh üçün təşəbbüs göstərir. Onun fikrincə, hər iki ölkə danışıqlar yolunu tutmalıdır.

"Bu gün sülh üçün şans var. Azərbaycan sülh üçün təşəbbüs göstərir. Biz bunu alqışlayırıq. Biz sülh prosesinin danışıqlarla davam etməsini istəyirik. Biz çox istəyik ki, sülh nəhayət, baş tutsun. Biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəyirik. Fransanın başqa bir məqsədi yoxdur. Biz həmişə Ermənistanla Azərbaycan arasında sülh üçün çalışmışıq. Fikrimcə, buna nail olacağıq", o qeyd edib.

Bununla yanaşı, Ketrin Kolonna Azərbaycanı Laçın yolunu açmağa və Beynəlxalq Ədalət Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Bu zaman Bayramov deyib ki, Ermənistan həm erməni, həm də Azərbaycan tərəfindən nəzarət məntəqələrinin yaradılması barədə Bakının təklifinə məhəl qoymayıb.

"Azərbaycan tərəfindən belə məntəqənin yaradılması blokada və Qarabağla Ermənistan arasında əlaqənin dayandırılması demək deyil", o qeyd edib.

Avropa İttifaqının Ermənistandakı missiyasına toxunan Bayramov deyib ki, Ermənistanın bu missiyanın məqsədlərilə bağlı bəyanatları sülhün yaxınlaşmasına kömək etmir.

Ketrin Kolonna deyib ki, Bakı və Paris arasında "dialoqa" zərurət var. O, Bayramovu Parisə cavab səfərinə dəvət edib.

"Fransa Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın itkilərindən və əzablarından, qaçqınlardan və insanların məhrumiyyətindən xəbərdardır. Münaqişədə ilk növbədə hər iki tərəfdən sadə adamlar əziyyət çəkirlər. Bizim çağırışlarımız ondan ibarətdir ki, bütün bunlar artıq olmasın və uzunmüddətli sülh bağlansın", o deyib.

Ketrin Kolonna
Ketrin Kolonna

"Ermənistan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanımalıdır - bu, sülh müqaviləsinin əsasını təşkil etməlidir", Kolonna əlavə edib.

Güc tətbiqindən və hərbi ritorikadan çəkinmək lazımdır.

"Biz Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin yaradılmasını birmənalı şəkildə pisləyirik və hesab edirik ki, Bakı Beynəlxalq Məhkəmənin qərarını yerinə yetirməlidir", o deyib.

Sonda Bakını bu məsələ ilə bağlı ABŞ və Fransanın mövqeyini nəzərə almağa çağırıb.

Jurnalistin "Niyə 30 il ərzində Paris Azərbaycan torpaqlarının işğal edilməsini pisləməyib, Ermənistanı təcavüzkar adlandırmayıb?" sualına cavabda Kolonna deyib ki, Fransa hər zaman məsləhət verməyə çalışıb, sülhü yaxınlaşdırmaq üçün kimisə pisləməyə yox.

Öz növbəsində Bayramov deyib ki, Paris Minsk Qrupunun vasitəçisi kimi uzun illər Bakının erməni təcavüzünü pisləmək çağırışlarına məhəl qoymayıb.

"İkinci Qarabağ Müharibəsindən sonra Fransa neytrallıq nümayiş etdirmir. Beynəlxalq Məhkəmənin qərarlarını yerinə yetirməyə çağıran Fransa Ermənistandan 2020-ci il noyabr tarixli üçtərəfli sazişin müddəalarını yerinə yetirməyi və 10 min hərbçisini Qarabağdan çıxarmağı tələb etmir", Bayramov deyib.

Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Bayramova etiraz edib və Laçın yolu ilə bağlı Beynəlxalq Məhkəmənin qərarlarının yerinə yetirilməsinin vacibliyini təkrarlayıb.

Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri rəhbərlərinin qarşıdakı ABŞ görüşünün perspektivləri barədə sualın cavabında Bayramov deyib ki, Vaşinqtona bu istiqamətdə səylərinə görə minnətdardır.

"Azərbaycan bu danışıqlarda iştirak edəcək və beynəlxalq vasitəçilərin bu istiqamətdə səylərini alqışlayır", o qeyd edib.

XS
SM
MD
LG