Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Xarici İşlər Nazirliyinin aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insidentlə bağlı bəyanatını "qəbuledilməz" adlandırıb.
"Fransa aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində, Ermənistan ərazisinin Dığ yaşayış məntəqəsi yaxınlığında baş vermiş, hər iki tərəfdən 7 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən zorakılıqdan dərin narahatlığını bildirir".
Bu barədə fevralın 12-də Fransa Xarici İşlər Nazirliyinin sözcüsü mətbuat brifinqində deyib.
Məlumatda deyilir ki, Fransa sərhəddin delimitasiyasının müstəsna olaraq danışıqlar yolu ilə həyata keçirilməli olduğunu xatırladır və tərəfləri bu istiqamətdə səylərini davam etdirməyə çağırır.
"Ermənistanın ərazi bütövlüyünə hörmət və Azərbaycan qoşunlarının təmas xəttinin Ermənistan tərəfindəki işğal olunmuş mövqelərindən çıxarılması gələcək insidentlərin qarşısının alınması və regionda davamlı sülhün əsaslarının qorunması üçün vacibdir. Fransa sərhədin Ermənistan tərəfində yerləşdirilmiş, ona töhfə verdiyi və gərginliyin azaldılmasına töhvə vermək üçün mərkəzi rol oynayan Avropa İttifaqının müşahidə missiyasının fəaliyyətini tam dəstəkləyir. O, Avropa İttifaqı ilə yanaşı, Ermənistan və Azərbaycan arasında atəşkəsə hörmət, dialoq və danışıqların aparılması lehinə işləməyə davam edəcək", məlumatda deyilir.
Öz növbəsində Azərbaycan Xarici işlər Nazirliyi Fransa Xarici İşlər Nazirliyinə cavab verib.
Bəyanatda deyilir ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin 11 apreldə Azərbaycanın Laçın rayonu istiqamətində yerləşən mövqelərinə qarşı "təxribatı" ilə əlaqədar Ermənistanı dəstəkləyən 12 aprel tarixli bəyanatı reallığı əks etdirmir.
"25 ilə yaxın müddətdə Azərbaycan-Ermənistan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyən, münaqişənin həllinə çalışmayan, Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib" , rəsmi Bakı bildirib.
Azərbaycan rəsmiləri əraziləri işğal altında olduğu vaxt Azərbaycanın ərazi bütövlüyünə dair Fransanın bəyanat vermədiyini vurğulayaraq, oxşar bəyanatı Ermənistanın ərazi bütövlüyü il bağlı səsləndirməsini "qərəz nümunəsi" adlandırıb.
"Fransa tərəfini Ermənistanı növbəti təxribatlara təhrik edən, revanşist qüvvələrə dəstək verən bu kimi bəyanatlardan çəkinməyə çağırırıq" , bəyanatda deyilir.
Aprelin 11-də Azərbaycan və Ermənistanın sərhədində qarşılıqlı atışma olub. Tərəflər bir-birini aprelin 11-də növbəti atışma törətməkdə ittiham edib. Hər iki tərəfdən həlak olanların və yaralananların olduğu bildirilir.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi (Bakıdan 490 kilometr qərb) istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
"Ermənistan tərəfinin təxribatının qarşısı alınarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vidadi Zalov, Elşad Həsənov və Səbuhi Tağıyev şəhid olub və yaralanıb. Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür", Müdafiə Nazirliyi bildirir.
Öz növbəsində Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Tex (Dığ) kəndi ərazisində mühəndis işləri aparan Ermənistan silahlı qüvvələrinin bölmələri atəşə tutulub.
"Aprelin 11-də Azərbaycan təxribatı nəticəsində Ermənistanın suveren ərazisini müdafiə edən hərbçilər Artur Saakan, Mkrtıç Arutunyan, Henrik Koçaryan, Narek Sarkisyan həlak olub. Daha 6 hərbçi yaralanıb", məlumatda deyilir.