Accessibility links

ATƏT sədri Bakıda Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib


Ceyhun Bayramov və Buyar Osmani
Ceyhun Bayramov və Buyar Osmani

Şimali Makedoniya Respublikasının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Azərbaycanda səfərdədir. O, aprelin 12-də Prezident İlham Əliyev və xarici işlər nazirir Ceyhun Bayramovla görüşlər keçirib.

Görüşlərin əsas leytmotivi ATƏT regionunda təhlükəsizlik, postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətləri, ATƏT ölkələri arasında münasibətlər, iqtisadi əlaqələr, enerji təchizatı məsələləri olub.

Buyar Osmani ATƏT-in fəaliyyətdə olan sədri kimi Şimali Makedoniyanın prioritetləri barədə danışıb. Bildirib ki, Şimali Makedoniya sədrliyi çərçivəsində "Hər şey insanlar üçün" konsepsiyasını əsas götürüb və sədrlik prosesində də bu əsasda insanlara köklənən siyasətin həyata keçirilməsi istiqamətində çalışır.

Azərbaycan Prezidenti Şimali Makedoniyanın və ümumilikdə Balkan regionunun etnik barışıq konsepsiyasının, reinteqrasiya və inklüziv cəmiyyətin yaradılması təcrübəsinin Cənubi Qafqaz üçün də maraqlı ola biləcəyini qeyd edib.

Ceyhun Bayramov
Ceyhun Bayramov

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini diqqətə çatdırıb.

"Azərbaycan Qarabağ iqtisadi regionundan olan erməni sakinlərlə birbaşa təmasların həyata keçirilməsi istiqamətində Bakıda görüşlərin təşkil edilməsinə dair təkliflərlə çıxış edib. Azərbaycan tərəfindən xüsusi nümayəndə təyin edilib və onlar Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edilir", Əliyev qeyd edib.

Prezident eyni zamanda, Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırıb.

Dövlət başçısı aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək, bunun Ermənistan tərəfindən "məqsədyönlü şəkildə törədilmiş təxribat" olduğunu bildirib.

Buyar Osmani ATƏT-in Azərbaycanda humanitar minatəmizləmə, yaşıl liman və digər praktiki layihələrə töhfə verə biləcəyini qeyd edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Buyar Osmani arasında görüşdən sonra keçrilən mətbuat konfransında Bayramov Şimali Makedoniyanın sədrliyinin ATƏT-i unikal dialoq platforması kimi yenidən canlandıracağına ümid etdiyini deyib.

Nazir Bayramov bildirib ki, Azərbaycan həmişə ATƏT-in prinsiplərinə sadiq qalıb.

"Biz həmişə ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin toxunulmazlığı prinsipinə sadiq qalmışıq. Azərbaycanın mövqeyi daim prinsipial və davamlı olub".

O, görüş zamanı Ermənistanla sülh müqaviləsinə dair danışıqların aparılmasına diqqət yetirildiyini deyib.

"Ermənistanın destruktiv mövqeyi nəticəsində ötən ilin dekabr ayından etibarən Bakı və İrəvan arasında birbaşa təmaslar dayandırılıb. Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışır. Bu istiqamətdə ardıcıl addımlar atılır. Biz Ermənistan tərəfinə danışıqlar masasına qayıtmaq üçün çağırış etmişik".

ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani bildirib ki, ATƏT Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə dialoqa töhfə verən bütün təşəbbüsləri dəstəkləyir.

"Hazırda mənim məqsədim sülh və təhlükəsizliyi təşviq etmək üçün Azərbaycan ilə əməkdaşlığın gücləndirilməsinə və dərinləşdirilməsinə nail olmaqdır. ATƏT təşkilata üzv dövlətlər arasında etimad yaratmaq niyyətini bir daha təsdiq edir, münasibətlərin qurulması və etimad mühitinin yaradılması istiqamətində fəaliyyətini bundan sonra da davam etdirməlidir. Mən nazirlə rəsmi Bakının bu prosesə necə töhfə verə biləcəyi barədə müzakirə apardım", Osmani bildirib.

ATƏT-in fəaliyyətdə olan sədri ölkələr arasında münasibətlərin normallaşması üçün Ermənistan və Azərbaycan arasında birbaşa təmasların davam etdirilməsinə tərəfdar olduğunu bildirib.

Suallara cavabda Ceyhun Bayramov dünən baş verən silahlı insidentlə bağlı deyib: "Təəssüf ki, bölgədə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində addım atılan zaman Ermənistanın hərbi-siyasi təxribata əl atması ilk deyil. İlkin rəy onu deməyə əsas verir ki, bu, planlaşdırılmış təxribat idi. Ermənistan xüsusi təyinatlı korpusunun komandanının və onun müavininin təxribat zamanı ərazidə mövcudluğu göstərir ki, dünənki hadisə, konkret olaraq, düşünülmüş plan idi".

Buyar Osmani
Buyar Osmani

Buyar Osmani hesab edir ki, ötən gün Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insident və "bu cür xoşagəlməz hallar regionda gərginliyin artmasına səbəb ola bilər".

"Azərbaycana gələn kimi hadisə ilə bağlı dərhal mənə məlumat verildi. Həlak olanlarla bağlı başsağlığımı çatdırdım. Təəssüf ki, belə hadisələr vəziyyəti daha da gərginləşdirə bilər", o qeyd edib.

Fəaliyyətdə olan sədr deyib ki, ATƏT regiona sülh gətirmək üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına kömək etməyə hazırdır.

Ermənistan tərəfi aprelin 11-də baş vermis indisentlə bağlı Azərbaycanın bəyanatlarını qəbul etmir.

Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Azərbaycan tərəfinin "bu təcavüzkar hərəkətləri Ermənistan tərəfinin daha əvvəl ifadə etdiyi cari məsələləri konstruktiv danışıqlar yolu ilə yerlərdə həll etməyə hazır olmasına baxmayaraq həyata keçirilib".

"Güc tətbiqi ilə hədələmə Azərbaycanın siyasətinin tərkib hissəsidir və regionda vəziyyəti əhəmiyyətli dərəcədə destabilləşdirməyə və vasitəçi tərəfdaşların sülh danışıqlarını davam etdirmək səylərinə zərbə vurmağa yönəlib", Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

XS
SM
MD
LG