Accessibility links

İran səfiri Azərbaycan prezidentinin köməkçisi ilə görüşüb


Hikmət Hacıyev və Seyid Abbas Musəvi
Hikmət Hacıyev və Seyid Abbas Musəvi

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi aprelin 12-də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə iki ölkə arasındakı münasibətlərdəki durumu müzakirə edib.

"İran və Azərbaycan xarici işlər nazirləri arasında konstruktiv danışıqlardan sonra mənim də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə konstruktiv və məzmunlu söhbətim oldu. Ümid edirəm ki, başlnamış bu prosesin nəticəsi hər iki ölkənin və bu regionun maraqlarına uyğun olacaq", İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi öz Twitter hesabında yazıb.

Son bir ildə İran və Azərbaycan arasında münasibətlərdə gərginlik davam edir. 2022-ci ildə hər iki ölkə sərhədləri boyunca qarşılıqlı hərbi təlimlər keçirib. Bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Səfirliyin təhlükəsizlik xidmətinin rəhbəri öldürülüb, daha iki əməkdaşı yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tam dayandırıb.

Martın 29-da Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra İran Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı ittihamedici bəyanatlar verib. İki ölkənin hökumətyönümlü medialarında bir-birinə qarşı hədələyici, ittihamedici reportajlar yayılır.

İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəfərlərlə çağırılaraq notalar təqdim edilib.

Aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi yenidən Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İranın Azərbaycandakı səfirliyinin 4 diplomatı "persona-non-grata" elan edilərək ölkədən çıxarılıb.

Bundan sonra aprelin 7 və 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Mövzuya uyğun

XS
SM
MD
LG