“İranın Bakıdakı səfirliyi indiyədək oğlum Fəridin taleyi ilə bağlı nə bizə, nə də Azərbaycan Xarici İşlər Nazirliyinin iki notasına cavab verməyib. Qardaşım aprelin 7-də İran səfirliyində olub. Ona da deyiblər ki, Fərid barədə hər hansı məlumat yoxdur”.
Bu barədə fevralın 20-də Almaniyadan İrana səfər edən və sonra barəsində məlumat olmayan Fərid Səfərlinin anası Dilarə Əsgərova bu gün, aprelin 11-də Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə, İranın Bakıdakı səfirliyi oğlu Fərid Səfərlinin taleyi ilə bağlı aprelin 4-dək məlumat veriləcəyi ilə bağlı vəd versə də hələ də Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab verməyib.
Belə ki, Dilarə Əsgərova martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşüb. Səfir müavini uzağı aprelin 4-dək Fərid Səfərli ilə bağlı notaya cavab veriləcəyini bildirib.
Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Fərid Səfərli ilə bağlı notalara İran tərəfinin cavab verməsi ilə bağlı hər hansı məlumat yaymayıb. Martın 9-da Fərid Səfərli ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi İran səfirliyinə nota təqdim edib.
Dilarə Əsgərova bu gün Amerikanın Səsinə deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi martın 28-də İran səfirliyinə Fərid Səfərli ilə bağlı ikinci nota təqdim edib.
Əsgərova martın son günlərində İranda da oğlunu axtarıb, amma oğlu ilə bağlı məlumat əldə edə bilməyib.
Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.
"Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib", o qeyd edib.
Dilarə Əsgərova deyib ki, Almaniyada Fəridin yaşadığı Yena şəhər polisi oğlunun Tehrandan heç yerə uçmadığını bildirib.
Dilarə Əsgərova və Yena polisi İranın Almaniyadakı səfirliyinə də Fərid Səfərlinin taleyi ilə bağlı məlumat verilməsi üçün müraciət edib. Amma hələ bu müraciətlərə cavab verilməyib.
O, İran hökumətinə yenə müraciət edərək nəhayət oğlunun taleyi ilə bağlı məlumat verilməsini istəyib.
“Bir ananı nə rədər incitmək olra. Bir aydan çoxdur oğlumun səsini eşitmirəm. Bir ananı uşağına, uşağının səsinə həsrət qoymaq nə deməkdir? Mən bunu heç nə ilə izah edə bilmirəm”, Dilarə Əsgərova İran hökumətinə müraciətində bildirib.