Accessibility links

İran səfirliyi Fərid Səfərli ilə bağlı məlumat veriləcəyini bildirib


Fərid Səfərli (Fotonu Amerikanın Səsinə Fərid Səfərlinin anası Dilarə Əsgərova təqdim edib)
Fərid Səfərli (Fotonu Amerikanın Səsinə Fərid Səfərlinin anası Dilarə Əsgərova təqdim edib)

Fevralın 20-də Almaniyadan İrana səfər edən və sonra barəsində məlumat olmayan Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun axtarışını davam etdirir. O Almaniyadan İrana səfər edib, oradan isə Azərbaycana gəlib. Amma hələ oğlunun taleyi ilə bağlı məlumat ala bilməyib.

Dilarə Əsgərova martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşüb. O, görüşdən sonra Amerikanın Səsinə deyib ki, səfir müavini geci gələn həftənin çərşənbə axşamı, aprelin 4-dək Fərid Səfərli ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin notasına cavab veriləcəyini bildirib.

“Səfir müavini dedi ki, İrandakı yetkililərlə danışıblar. Ən geci, gələn həftənin çərşənbə axşamı Fəridlə bağlı məlumat veriləcək. Mən səfir müavininə dedim ki, martın 9-da Fəridlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi İran səfirliyinə nota təqdim edib. Sual etdim ki, bir adam haqqında öyrənmək nə qədər çəkir? O dedi ki, bayrama düşdü, məktubu hara göndərdik, oradan da harasa göndədik. Dedim ki, bu bir insan həyatıdır. Sizin məktublar gedir-gəlir. Amma, mən ana kimi oğlumun hər dəqiqəsindən narahatam. Bunu fikirləşmirsiniz? Dedi ki, bu dövlət işidir. Bir sözlə dedi ki, bu bir prosedur qaydasıdır. Fəridlə bağlı isə bir məlumat vermədi. Dedim ki, oğlum İrandadır? O bir məlumat vermədi. Yalnız dedi ki, nə məlumat varsa ən geci gələn ikinci gün Fərid haqqında məlumat veriləcək”, ana qeyd edib.

Dilarə Əsgərova İrandakı axtarışları ilə bağlı deyib ki, İranda nə Fəridin tanışı olan qızı tapa bilməyib, nə də Fəridlə bağlı hər hansı bir məlumat öyrənə bilməyib.

“İranda polisdə axtarış etdik, bir də vəkil vasitəsi ilə məhkəməyə sorğu göndərdik ki, Fəridlə bağlı məlumat versinlər. Bundan başqa bir iş görə bilmədik”, o qeyd edib.

Bundan öncə Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, Almaniyada Fəridin yaşadığı Yena şəhər polisi oğlunun Tehrandan heç yerə uçmadığını bildirib. Əsgərova oğlunun Yena şəhərində yaşadığı evdən kompüterini, şəxsi əşyalarını götürüb Almaniya polisinə təqdim edib.

Polis kompüterin kodunu açıb, Fəridin dostu olan qızın telefon nömrələrini, şəklini, adını, familyasının bir hissəsini, iş yerini öyrənib.

Fərid Səfərlinin anası sonra İrana səfər edib. Orada Fəridin tanışı olan qızın telefonlarına cavab verən olmayıb. Onun təxmin olunan iş yerlərindən qız barədə məlumat verməkdən imtina ediblər.

İran hüquq mühafizə orqanlarının daxili sisteminə də Fərid Səfərli barədə məlumat daxil edilməyib.

“Dedilər ki, Fərid yüngül cəza alsa idi sistemdə onun barəsində məlumat olardı. Ağır cinayətlər sistemdə görünmür. Mən soruşdum ki, ağır cinayət nədir? Dedilər ki, casusluq və sair cinayətlərdir. Bir sözlə indiyədək Fəridlə bağlı hər hansı məlumat ala bilməmişik”, o deyib.

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub.

“Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib”, o qeyd edib.

Bundan sonra Fərid Səfərli barədə hər hansı məlumat almaq mümkün olmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı İranın Azərbaycandakı səfirliyinə bmartın 9-da nota ünvanlayıb. Nazirliyin notasına hələ cavab verilməyib.

XS
SM
MD
LG