Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərlinin İranda itkin düşdüyü bildirilir.
Bu barədə hazırda onun Almaniyada olan anası Dilarə Əsgərova Amerikanın Səsinə bildirib.
Ananın sözlərinə görə, 1997-ci il təvəllüdlü oğlu Azərbaycan Diplomatik Akademiyasının İqtisadiyyat fakultəsinin, eyni zamanda Almaniyanın Friedrich-Schiller-Universität-nin magistr dərəcəli məzunudur.
"Bir müddət əvvəl Fərid kimliyi mənə məlum olmayan Almaniyanın Jena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub. Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq onların arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib", o qeyd edib.
Dilarə Əsgərovanın gümanına görə, Fərid fevralın 20-də İrana getmək üçün Almaniyadan çıxıb.
"Bu barədə heç kimə məlumat vermədiyi üçün tarixlə bağlı dəqiq məlumatımız yoxdur. Martın 4-də Almaniyadakı ev yoldaşlarına İranda olduğunu bildirib, bank kartının işləmədiyini və ona bilet almalarını xahiş edib. O gündən sonra Fəriddən bir daha xəbər alınmayıb", ana deyib.
O bildirib ki, tələbənin bileti Tehran - İstanbul - Berlin reysi üçün alınıb, amma o, Türkiyəyə giriş etməyib.
"Məhz buna görə İranda saxlanıldığını düşünürük".
Əsgərova bildirib ki, martın 6-da oğlunun telefonunun 10 dəqiqə açıq olduğu görünüb.
"Fəridin telefonu bir anda açıldı. Onun teleqram nömrəsində də telefonunun açıq olduğu göründü. Mən dərhal zəhg etdim, lakin telefonu götürən olmadı. Fərid mənim telefonuma hər an cavab verir. Telefon onda olsa idi, o dəqiqə cavab verərdi. Görünür telefon özündə olmayıb, kimlərsə telefonu bir anlıq açıb nə isə axtarıb. Telefon təxminən 10 dəqiqə sonra yenidən qapandı. Ona görə Fəridin saxlanıldığını təxmin edirəm", ana Amerikanın Səsinə deyib.
O, martın 9-da İranın Almaniyadakı səfirliyinə müraciət edib, lakin hələ cavab ala bilməyib.
Azərbaycan Xarici İşlər Nazirliyindən isə Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə əlaqədar araşdırma aparılır, məlumat veriləcək.
Amerikanın Səsinin bununla bağlı İranın Azərbaycandakı səfirliyindən şərh alması mümkün olmayıb.