Accessibility links

Azərbaycan vətəndaşının İranda itkin düşməsi ilə bağlı bu ölkəyə nota verib


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli medianın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

"Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir. Azərbaycan vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

"Azərbaycan vətəndaşlarına bir daha xatırlatmaq istərdik ki, 2023-cü il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra, Azərbaycanın Xarici İşlər Nazirliyi ölkəmizin vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslama səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb", Hacızadə vurğulayıb.

Öz növbəsində Fərid Səfərlinin anası Dilarə Əsg'rova Amerikanın Səsinə bildirib ki, hazırki anadək İran tərəfi övladının taleyi ilə bağlı bu ailəyə hər hansı məlumat verməyib.

Ananın sözlərinə görə, bir müddət əvvəl Fərid kimliyi ona məlum olmayan Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub.

"Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq onların arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib", o qeyd edib.

Əsgərova bildirib ki, martın 6-da oğlunun telefonunun 10 dəqiqə açıq olduğu görünüb.

"Fəridin telefonu bir anda açıldı. Onun teleqram nömrəsində də telefonunun açıq olduğu göründü. Mən dərhal zəhg etdim, lakin telefonu götürən olmadı. Fərid mənim telefonuma hər an cavab verir. Telefon onda olsa idi, o dəqiqə cavab verərdi. Görünür telefon özündə olmayıb, kimlərsə telefonu bir anlıq açıb nə isə axtarıb. Telefon təxminən 10 dəqiqə sonra yenidən qapandı. Ona görə Fəridin saxlanıldığını təxmin edirəm", ana Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG