Fevralın 20-də Almaniyadan İrana səfər edən və sonra barəsində məlumat olmayan Fərid Səfərlinin anası Dilarə Əsgərova son günlər oğlunun axtarışını İranda davam etdirir. O, oğlunun taleyi barəsində hələ hər hansı məlumat əldə edə bilməyib.
Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, Almaniyada Fəridin yaşadığı Yena şəhər polisi oğlunun Tehrandan heç yerə uçmadığını bildirib.
“Polis dedi ki, təyyarə şirkətindən Fərid Səfərlinin Tehrandan heç yerə uçmaması ilə bağlı məlumat alıb. Bu səbəbdən Fəridlə bağlı İranın Almaniyadakı səfirliyinə məktub göndəriblər. Amma İran səfirliyi polisə hələ cavab verməyib”, o qeyd edib.
Dilarə Əsgərova oğlunun Yena şəhərində yaşadığı evdə olub.
“Fəridin evindən kompüterini, şəxsi əşyalarını götürdüm. Kompüterin kodunu polis acdı. Kompüterdən Fəridin dostu olan qızın telefon nömrələrini, şəklini, adını, familyasının bir hissəsini, iş yerini, yəni bir xeyli məlumat öyrəndilər”, o deyib.
Fərid Səfərlinin anası sonra İrana səfər edib.
“Mən bundan sonra İrana gəldim və hazırda İrandayam. Fəridin dostu olan qızın iki telefon nömrəsi mənə məlum idi. Hər iki telefon nömrəsi bağlıdır. Telefon nömrələri satılan yerdən qızın ünvanını öyrənməyə cəhd etdim. Onun ünvanını vermədilər. Qız Tehranda Tibb Universitetinin sonuncu kursunda oxuyur. Qumda xəstəxanalarda inerna keçir. Qabaqcadan inerna keçdiyi xəstəxanalardan birinə zəng etdim. Dedilər həmin qız iyirmi gündür işə gəlmir, icazə alıb. Həmin 20 gün oğlumun itgin düşdüyü günlə eynilik təşkil edir. Amma biz həmin xəstəxanaya çatanda vəziyyət dəyişdi. Dedilər ümumiyyətlə bu qız orada işləməyib. Təxmin etdiyim digər xəstəxanalara da getdim. Qızın adını, fotosunu, telefon nömrələrini polis mənə verib. Şəkillərini göstərdim. Dedim qızı tanımırsınız, amma fotoda onunla birgə xəstəxananın digər həkimlərinin də şəkilləri var. Onları da tanımırsınız? Elə bil məlumatlı idilər. Bizi xəstəxanaların qapısından qaytarırdılar. Sanki bizi qovmaq istəyirdilər. Heç bir məlumat vermədilər”, Əsgərova qeyd edib.
O, İranda vəkil tutaraq onunla birgə hüquq mühafizə orqanlarına müraciət edib.
“Hüquq mühafizə orqanlarının sistemində Fəridlə bağlı məlumat çıxmadı. Bəzi orqanlar isə sistemə baxmaqdan imtina etdi. Dedilər ki, Fərid yüngül cəza alsa idi sistemdə onun barəsində məlumat olardı. Ağır cinayətlər sistemdə görünmür. Mən soruşdum ki, ağır cinayət nədir? Dedilər ki, casusluq və sair cinayətlərdir. Bir sözlə indiyədək Fəridlə bağlı hər hansı məlumat ala bilməmişik”, o deyib.
Dilarə Əsgərova Azərbaycanın Təbrizdəki konsulluğuna da müraciət edib.
“Onlar da bildirdilər ki, məktub göndəriblər, İran tərəfi hələ cavab verməyib, gözləyirlər. Mən onlardan xahiş etdim ki, oğlumun tez bir zamanda tapılması üçün hərəkət etsinlər. Oğlum 26 gündür yoxa çıxıb. Hər dəqiqənin ana üçün nə demək olduğunu bilsinlər. Oğlumun tapılması üçün kömək etdinlər”, o bildirib.
Fərid Səfərlinin anası həm də Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət ünvanlayıb.
“Mən sizin mətbuat vasitəsi ilə Azərbaycan Xarici İşlər Nazirliyindən xahiş edirəm ki, notalarına cavab istəsinlər. Yaxud başqa ölkələrin vasitəçiliyindən istifadə etsinlər. Beynəlxalq təşkilatlara müraciət etsinlər. Bəlkə İran sonsuza qədər susacaq. Biz də sonsuza qədər oturub onun cavabını gözləyəcəyik? Mən ana kimi oğlumun taleyindən çox narahatam. Hədsiz dərəcədə narahatam. Bəlkə də burada Tehranda məndən yüz metr aralıda oğlum həbsxanadadır. Amma mən ondan hər hansı məlumat ala bilmirəm. Heç bir yer mənə məlumat vermir”, Dilarə Əsgərova qeyd edib.
Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub.
“Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib”, o qeyd edib.
Bundan sonra Fərid Səfərli barədə hər hansı məlumat almaq mümkün olmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı İranın Azərbaycandakı səfirliyinə nota ünvanlayıb. Nazirliyin notasına hələ cavab verilməyib.