Accessibility links

İtkin düşən Azərbaycan vətəndaşının yaxınları İran səfirliyinin binası qarşısında aksiya keçirib


İranın Azərbaycandakı səfirliyi
İranın Azərbaycandakı səfirliyi

Martın 17-də İranda itkin düşən Almaniyada təhsil alan azərbaycanlı tələbə Fərid Səfərlinin yaxınları İranın Azərbaycandakı səfirliyinin binasının qarşısında etiraz aksiyası keçirib.

Etirazçılar "Fəridi geri qaytarın!", "Fəriddən xəbər verin!", "Ananın səsinə səs verin!" yazılmış şüarlar qaldırıb, tələbənin azadlığa buraxılması ilə bağlı şuarlar səsləndirib.

Fərid Səfərlinin hüquqlarının müdafiə komitəsinin üzvü İlqar Hüseynli Amerikanın Səsinə bildirib ki, aksiya işitakçıları İran hökümətindən Fərid Səfərlinin ailəsi ilə ünsiyyət qurmasına şərait yaradılmasını və onun taleyi ilə bağlı geniş məlumat verməsini tələb edib.

Onun sözlərinə görə, Fərid Səfərlidən hələ də xəbər yoxdur və Almaniyada həkim çalışan tələbənin anası Dilarə Əsgərova Berlində İran səfirliyində görüş keçirib.

"Orada ona bildiriblər ki, məsələ ilə yerli hakimiyyət məşğuldur. Bundan əlavə Almaniya polisi də araşdırma edir. Lakin bu qədər cəhdlərimizə baxmayaraq İran höküməti Fərid bəyin sağlıq durumu, onun harada və hansı vəziyyətdə saxlanılması, taleyinin necə olduğu ilə bağlı hər hansı bir məlumat vermir".

Fərid Səfərlinin hüquqlarının müdafiə komitəsinin üzvü bildirb ki, aksiyadan sonda İran səfirliyinə qətnamə təqdim ediblər.

Aksiya zamanı hər hansı insident baş verməyib.

Bu məsələ ilə bağlı Amerikanın Səsinin İran səfirliyindən şərh almq cəhdi baş tutmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Amerikanın Səsinə bildirib ki, İran tərəfindən bu məsələ ilə bağlı hələ məlumat verilməyib, araşdırma aparılır.

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda itkin düşməsi ilə bağlı məlumata aydınlıq gətirilməsi məqsədilə müvafiq olaraq İran səfirliyinə nota ünvanlayıb.

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Öz növbəsində, Fərid Səfərlinin anası Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Fərid kimliyi ona məlum olmayan Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir xanımla tanış olub.

"Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib", o qeyd edib.

Əsgərova bildirib ki, martın 6-da və 10-da oğlunun telefonunun açıq olduğu görünüb.

"Fəridin telefonu bir anda açıldı. Onun Telegram nömrəsində də telefonunun açıq olduğu göründü. Mən dərhal zəng etdim, lakin telefonu götürən olmadı", Fərid Səfərlinin anası Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG