Accessibility links

Azərbaycan Milli Məclisi İran parlamentinə cavab bəyanatı qəbul edib


Milli Məclis
Milli Məclis

Aprelin 7-də Milli Məclisin plenar iclasında İran parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bəyanatla bağlı cavab bəyanatı qəbul edilib.

Yerli medianın məlumatına görə, bəyanatda qeyd edilir ki, Milli Məclis İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qəbul etdiyi bəyanatı Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə kimi qiymətləndirir.

"Bu bəyanat İran tərəfinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti siyasi təxribatıdır",sənəddə bildirilir.

Sənəddə defiler ki, Azərbaycanın İsraildə səfirlik açması müstəqil dövlət kimi suveren hüququdur.

"Azərbaycan Milli Məclisi İran tərəfini Azərbaycana qarşı müntəzəm xarakter alan əməllərini qətiyyətlə pisləyir və rədd edir, ölkəmizi hədəf alan qərəzli fəaliyyətdən əl çəkməsini tələb edir" - deyə, sənəddə bildirilir.

Aprelin 5-də İran parlamentinin 210 deputatı bəyanat qəbul edərək, İsraildə Azərbaycan səfirliyinin açılmasını pisləyib.

IRNA agentliyinin məlumatına görə, onlar İranın Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik tədbirlər görməyə çağırıb.

Bəyanatda deyilir ki, Azərbaycan hökuməti "İslam dünyasının maraqlarına zidd olan ağlasığmaz bir hərəkətlə İsraildə səfirliyini açıb, öz səfirini saxta rejimə təqdim edərək islam dünyasının maraqlarına zidd hərəkət edir".

"Azərbaycan hökumətinin bu addımı bir çox mənfi siyasi nəticələrə səbəb olacaq və dünya müsəlmanları onlara fələstinliləri öldürən və əziyyət edən sionist rejimin ortaqları kimi baxacaqlar. İran parlamenti ərəb və islam ölkələri hökumətlərini, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın bu addımını pisləməyə çağırıb", məlumatda deyilir.

İranın Xarici İşlər Nazirliyinə bütün müsəlman ölkələrinə müvafiq müraciət göndərmək təklif edib.

Öz növbəsində siyasi şərhçi Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində son zamanlar İran və Azərbaycan arasında gərginliyin "demək olar ki, hər gün artmaqda" olduğunu bildirib.

Nəsimi Məmmədli İran-Azərbaycan gərginliyini şərh edir
please wait

No media source currently available

0:00 0:05:18 0:00

"Biz elə gün olmur ki, İran-Azərbaycan münasibətlərində hansısa gərginliyə səbəb olan ya açıqlamaların, ya da davranışların şahidi olmayaq. Deməli vəziyyət gərginləşməyə doğru gedir. Çox təəssüf ki, bu gərginləşmədən bir addım geri atmaq istəyən tərəflər də hələ ki, görünmür. Faktiki olaraq İran-Azərbaycan gərginliyi İranın davranışlarından qaynaqlanır. İran mətbuatında Azərbaycana yönəlik çoxsaylı təhqirlər, böhtan xarakterli materiallar yayılmağa başladı. Ardınca səfirliyə olan hücum, əməkdaşın öldürülməsi diplomatik münasibətləri demək olar ki, çox aşağı səviyyəyə endirdi. Bundan başqa Azərbaycan daxilində çoxsaylı təxribat əməllərinə cəhdlər var. Bu cəhdlərin hüquq-mühafizə orqanları tərəfindən qarşısı alınır. Bütövlükdə bu gərginliklər fonunda Azərbaycanın İsraildə səfirlik açması İranı daha da Azərbaycan üzərinə hədə dolu davranışlara sövq etdi. Bu yolverilməzdir. İki dövlət arasında münasibətlərdə gərginlik İrandan qaynaqlanır" o, qeyd edib.

Ekspert aprelin 5-də İran parlamentinin qəbul etdiyi bəyanatda çağırış olduğunu hesab etdiyini bildirib.

"Əslində bu Azərbaycana qarşı yönəlik terror təşkilatlarını təlimatlandırma çağırışdır", ekspert hesab edir.

Onun fikrinə görə Azərbaycan parlamentinin cavab bəyanatı isə "çox yumşaq"dır.

"Daha çox ifadə olunur ki, bu Azərbaycanın daxili işidir. İsraildə səfirliyin açılması, Azərbaycanın suveren haqqıdır. Bunu kiminsə etiraz etməsini doğru saymır və s. Burada hücum xarakterli, təhdid və hədə dolu bəyanata qarşı Azərbaycan yumşaq, müdafiə xarakterli mövqe qoyubdur. Əlbəttə, Azərbaycan tərəfindən başqa addımlar atılır. İran diplomatları ilk dəfə olaraq persona non-qrata elan olundu. Artıq dörd diplomatın çıxarılması başlayıb. Diplomatik münasibətlər çox aşağı səviyyəyə endirilib", o bildirib.

Nəsimi Məmmədlinin fikrincə, bu gərginliklərin gələcəkdə İran- Azərbaycan arasında müharibə riskinin olması üçün real görünmür.

"Çünki hazırda bizim regionda İran ilə müharibənin olması nə Rusiyanın marağındadır, nə də Türkiyənin marağındadır. Mən düşünürəm ki, Türkiyə buna imkan verməz. Eyni zamanda, Azərbaycan özü də müharibəyə cəhd etmir. Daha çox ritorik münasibətlərdə gərginlik var. Amma İran proqnoz edilməyən dövlətdir. İran-Azərbaycan münasibətlərinin inkişafını izləmək lazımdır. Azərbaycan prosesləri daim nəzarətdə saxlamalıdır", Məmmədli bildirib.

XS
SM
MD
LG