Accessibility links

Milli Məclisin deputatına qarşı sui-qəsddə şübhəli bilinən 4 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib


Fazil Qəzənfəroğlu
Fazil Qəzənfəroğlu

Bakının Səbail rayon Məhkəməsi hakim Ülviyyə Şükürovanın sədrliyi ilə Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində həbs-qətimkan tədbiri seçib.

Məhkəmədən Amerikanın Səsinə bildiriblər ki, aprelin 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətə baxılıb və saxlanılanlardan üç şəxs barəsində 4 ay, bir şəxs barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Rəsmi məlumata görə, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov" konstruksiyalı avtomat silahdan atəş açılaraq terror aktı törədilib.

Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Rəsmi qurumlar barələrində həbs-qətimkan tədbiri seçilən şəxslərin adlarını açıqlamır.

Barələrində həbs-qətimkan tədbiri seçilən şəxslərin yaxınları və vəkilləri də hələ açıqlama verməyib.

XS
SM
MD
LG