Accessibility links

Dövlət Təhlükəsizliyi Xidməti Milli Məclisin deputatına qarşı silahlı hücumun terror aktı olduğunu bildirib


Fazil Mustafa (Arxiv foto. Mənbə: VOA)
Fazil Mustafa (Arxiv foto. Mənbə: VOA)

Dövlət Təhlükəsizliyi Xidməti Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahlı hücumun terror aktı olduğunu bildirib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir ki, martın 28-də Bakı vaxtı ilə saat 21.51-də Azərbaycan Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

“Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Faktla bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir”, məlumatda qeyd edilir.

Milli Məclisin deputatı Fazil Mustafa martın 28-də axşam saatlarında Bakıda yaşadığı evin qarşısında silahlı hücuma məruz qalıb. Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir, onun həyatı üçün təhlükənin olmadığı, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

XS
SM
MD
LG