Accessibility links

Milli Məclisin deputatına qarşı silahlı hücumla bağlı 6 nəfərin saxlanıldığı bildiriilir


Polis (Mənbə: Daxili İşlər Nazirliyi)
Polis (Mənbə: Daxili İşlər Nazirliyi)

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahlı hücumla bağlı 6 nəfər saxlanılıb.

Bu barədə yerli media hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev aprelin 3-də gecə saatlarında Amerikanın Səsinə millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfərin müəyyən olunaraq saxlanıldığını təsdiq edib.

Bundan əlavə hüquq-mühafizə xidmətinin məlumatına görə daha iki nəfər saxlanılıb.

Saxlanılanların kimliyi barədə hələ rəsmi məlumat verilməsə də yerli media Dövlət Təhlükəsziliyi Xidmətində saxlanılan şəxslərin adlarını açıqlayıb. Onların İrana bağlı olan şiə məzhəbli dindarlar olduğunu yazıb.

Həmçinin saxlanılan şəxslərin yaxınları və vəkilləri hələ hər hansı açıqlama verməyib.

Rəsmi məlumata görə, martın 28-də Milli Məclisinin deputatı Fazail Mustafaya yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, silahlı hücum terror aktı idi və yalnız Fazil Mustafaya yox, bütövlükdə dövlətçiliyə qarşı yönəlmişdi.

Bəhruz Məhərrəmov: Silahlı hücum terror aktı idi və yalnız Fazil Mustafaya yox, bütövlükdə dövlətçiliyə qarşı yönəlmişdi
please wait

No media source currently available

0:00 0:01:56 0:00

"Bildiyiniz kimi deputat Fazil Mustafaya qarşı terror hücumunun təşkilatçısı və icraçısı başda olmaqla bütün iştirakçılar saxlanılıb. Xarici İşlər Nazirliyinin bir neçə gün öncə yaydığı məlumatda ifadə olunduğu kimi bu terror əməlində İranın izi olduğunu deməyə əsas verən nüanslar var. Amma həyata keçirilən əməliyyat və saxlanılanlar terrorun arxasında birbaşa İran dövlətinin durduğunu açıq şəkildə bir daha göstərdi. Üstəlik məlum oldu ki, bu insanlar mütəşəkkil dəstə kimi fəaliyyət göstəriblər. Bu mənada istintaqın qarşısında təbii ki, xeyli suallar var. Xeyli məsələlər hələ bundan sonra aydınlşacaq. Bilirsiniz ki, silahlı hücum terror aktı idi və yalnız Fazil Mustafaya yox, bütövlükdə dövlətçiliyə qarşı yönəlmişdi. Əhali arasında vahimə yaratmaq, yaxud dövlət-hakimiyyət orqanlarını nəyəsə məcbur edilməsinə yönəli bir addım idi", deputat deyib.

Onun fikrinə görə, Azərbaycan parlamentinin deputatlarının mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə heç bir ehtiyac yoxdur

"Təbii ki, bu və ya digər formada hadisələrdən heç bir dövlət sığortalanmayıb. Sığortalana da bilməz. Bilirsiniz ki, Azərbaycan sabit, əməliyyat şəraiti dövlətin nəzarətində olan ictimai qayda və təhlükəsizlik həmişəkindən daha artıq şəkildə təmin olunmuş bir ölkədir. Bu mənada vətəndaşlarımız, o cümlədən Azərbaycan parlamentinin deputatlarının mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə heç bir ehtiyac yoxdur. Xüsusən Azərbaycan hüquq mühafizə orqanlarının Fazil Mustafaya qarşı terror hücumunda təqsirli bilinən şəxsləri ən qısa zamanda müəyyən etməsi də hər kəsə, xüsusən İranın bu ölkədəki digər tör-töküntülərinə bir daha dərs oldu ki, Azərbaycan dövləti ilə dövlətçilik etmək olmaz. İstənilən hüquqazidd əməllərinə görə onlar qanunun ən sərt üzü ilə qarşılaşacaqlar. Eyni zamanda təbii ki, dövlət onların yeni əməllər törətməsini gözləmək niyyətində deyil. Bu milli heysiyyatını itirmiş adamlara münasibətdə əməliyyat tədbirləri bundan sonra da davam edəcək. Onlar ifşa olunaraq, məsuliyyətə cəlb olunacaqlar", Məhərrəmov qeyd edib.

XS
SM
MD
LG