Accessibility links

Mübariz Qurbanlı: İran rejimi Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb


Mübariz Qurbanlı (arxiv foto, mənbə:VOA)
Mübariz Qurbanlı (arxiv foto, mənbə:VOA)

"İran rejimi Azərbaycandakı məscidlərə öz adamlarını yerləşdirməyə çalışıb".

Bu barədə jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, bunun qarşısını almaq üçün Dini Komitə kifayət qədər səbrlə, məqsədyönlü şəkildə iş aparıb.

"İran rejimi dini ideologiya ilə təzyiqlər göstərməyə çalışır. Azərbaycan və digər ətraf ölkələrə özünün dövlət-din modelini yaymaq istəyir. Azərbaycanda da bu təbliğatı aparmaq üçün sosial şəbəkələr üzərindən kampaniyalar aparıb. Dini Komitə bu kimi halların qarşısını almaq üçün geniş işlər görüb və görməkdədir".

Mübariz Qurbanlı bildirib ki, məscidlərə təyinat səlahiyyəti komitəyə keçəndən sonra ölkəmizdə təhsil almış, dövlətimizin maraqlarını ifadə etməyə qadir olan 120-yə yaxın şəxs təyinat alıb, 118 din xadimi isə işindən uzaqlaşdırılıb.

Bundan əlavə Komitə sədri bildirib ki, keçmiş Əbu Bəkir məscidində isə təmir işləri başa çatdırılıb və məscidin yaxın zamanlarda açılışı gözlənilir.

İran və Azərbaycan arasında münasibətlərdə gərginlik davam edir. Azərbaycanın İsraildə səfirliyinin açılmasından sonra İran Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı ittihamedici bəyanatlarını davam etdirməkdədir. İki ölkənin hökumətyönümlü medialarında bir-birinə qarşı hədələyici, ittihamedici reportajlar yayılır.

İranın Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycandakı səfirinə cavab notası təqdim edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Azərbaycana notasına dair mətbuatın sualına cavabında deyib ki, İranın Azərbaycandakı səfirliyinin Xarici İşlər Nazirliyinə (XİN) ünvanlanmış notası ilə əlaqədar İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılıb.

İRNA agentliyinin məlumatına görə, İranın Bakıdakı səfirliyi aprelin 1-də ötən şənbə günü Azərbaycan mətbuatının İslam Respublikasına qarşı həyata keçirdiyi təhqiredici tədbirlərlə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

"Səfirlik Azərbaycan mediasının həyata keçirdiyi tədbirlərə kəskin etirazını bildirib və onlara dərhal son qoyulmasını istəyib", xəbərdə qeyd edilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, İran tərəfinin notasında Azərbaycan mediası ilə bağlı qeyd olunanların obyektivliyi əks etdirmədiyi vurğulanaraq, İran tərəfinə cavab notası, eləcə də İran mediasında Azərbaycan əleyhinə yayılmış bir sıra məqalələrin siyahısı təqdim olunub.

"İranın ölkəmizdəki səfirinə bildirilib ki, İran mediasında mütəmadi olaraq Azərbaycan Respublikası, onun dövlət və hökumət rəsmiləri haqqında yayılan təhqir dolu, yalan, böhtan və qərəzli məlumatlar, eləcə də İranın tanınmış ictimai-siyasi xadimlərinin həqiqətdən uzaq bəyanat və çıxışları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirir və anlaşılmazlıqları daha da dərinləşdirir.

Bununla yanaşı, ölkələrimiz arasında münasibətlər dövründə yaranan anlaşılmazlıqların daim İran tərəfinin birtərəfli davranış və addımlarından qaynaqlandığı, Azərbaycan tərəfinin ardıcıl və xoş niyyətli addımlarına İran tərəfindən lazımi qarşılıq verilmədiyi qeyd olunub.

Görüş zamanı İran mediasında Azərbaycan əleyhinə yalan və qərəzli məlumatların yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülməsinin zəruriliyi vurğulanıb", Hacızadə qeyd edib.

XS
SM
MD
LG