Accessibility links

İran Azərbaycanında etiraz qurbanının ailə üzvləri həbs edilib


Cavad Heydərinin məzarı, Foto: Fatimə Heydərinin Twitter hesabından
Cavad Heydərinin məzarı, Foto: Fatimə Heydərinin Twitter hesabından

Qəzvində kütləvi etirazların qurbanlarından olan Cavad Heydərinin bacısı Fatimə Heydəri ailəsinin 3 üzvünün həbs edildiyini açıqlayıb.

O, Twitter hesabında yazıb ki, "Valideynlərim və qardaşım Ruhullah Heydərini qandallayaraq həbs ediblər. Valideynlərimə deyiblər ki, Cavadın məzar daşını dəyişdirməlisən ki, sizi azad edək".

Fatimə Heydəri, həmçinin qeyd edib ki, təhlükəsizlik qüvvələrinin bu sözünə əməl etməyəcəyini bildirən atası Qəzvinin Çubindər həbsxanasına aparılıb.

Cavad Heydərinin məzar daşında bir silahdan çıxan qurşunun bir göyərçini hədəf aldığı əks olunub. Təhlükəsizlik qüvvələri isə bu məzar daşının dəyişdirilməsini istəyir.

Cavad Heydərinin keçən il sentyabrın 22-də Qəzvin şəhərində Iran rejiminə qarşı kütləvi etiraz aksiyaları zamanı güllələnərək öldürüldüyü bildirilir.

Qəzvin vilayətinin rəsmiləri Cavad Heydərinin təhlükəsizlik və polis qüvvələri tərəfindən öldürüldüyünü təkzib edib. Ümumiyyətlə İran hakimiyyəti son etirazlarda öldürülən etirazçıların heç birinin ölümünə görə məsuliyyəti üzərinə götürməyib.

Cavad Heydərinin digər qardaşı Ruhullah Heydəri isə bazar ertəsi, aprelin 3-dən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Cavad Heydəri ailəsinin bu üzvlərinə qarşı irəli sürülən ittihamlarla bağlı hələ ki, məlumat yoxdur.

Qəzvin şəhərindəki kütləvi etirazlarda Cavad Heydərinin ölümündən sonra Heydəri ailəsi polis və təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə təzyiqlərə məruz qalıb və həbs edilib. Bundan əvvəl həbs edilən Məhəmməd və Höccət adlı digər qardaşları olan Fatimə Heydəri də keçən ay işindən qovulduğunu açıqlamışdı.

XS
SM
MD
LG