Accessibility links

Şahin Hacıyev: İran-Azərbaycan münasibətlərində ziddiyyətlər pik nöqtəsinə çatıb


Şahin Hacıyev
Şahin Hacıyev

Turan İnformasiya Agentliyinin Siyasi redaksiyasının redaktoru, siyasi şərhçi Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində İran-Azərbaycan münasibətlərindəki gərginlik, bunun regional təhlükəsizliyə təsirlərindən danışıb.

Amerikanın Səsi: İran və Azərbaycan arasında gərginliyin əsas səbəbləri nədir? Bu gərginlik silahlı qarşıdurma riskləri yarada bilərmi?

Şahin Hacıyev: Gərginlik prinsipial xarakter daşıyır. Bu İranın öz siyasətini xaricə yaymaq cəhdləridir. İlk növbədə Azərbaycana təsir edib, onun xarici və daxili siyasətini dəyişdirməyə yönələn hərəkətlərdir. Bu yeni bir şey deyil. Tarixən də belə olub. Sadəcə indi bu ziddiyətlər gəlib pik nöqtəsinə çatıb.

Şahin Hacıyev: İran-Azərbaycan münasibətlərində ziddiyyətlər pik nöqtəsinə çatıb
please wait

No media source currently available

0:00 0:06:09 0:00

Amerikanın Səsi: Bəs silahlı qarşıdurma riskləri nə qədərdir?

İranın elitası, hərbi və siyasi elitasının yeritdiyi siyasət qeyri-adekvatdır.

Şahin Hacıyev: Silahlı qarşıdurma çətin ki baş versin. Lakin bunu istisna etmək olmaz. Səbəb yalnız bu siyasətdə deyil. Səbəb ondadır ki, İranın elitası, hərbi və siyasi elitasının yeritdiyi siyasət qeyri-adekvatdır. Onlar qeyri-rassional addım ata bilər. Yəni inanmıram ki, onların uzunmüddətli düşünülmüş bir proqramı olsun.

Amerikanın Səsi: Tehrandakı səfirliyinə silahlı basqından sonra Azərbaycan bu ölkədə səfirliyinin diplomatik fəaliyyətini tam dayandırıb. Sizcə İranın Azərbaycandakı səfirliyinin diplomatik fəaliyyəti dayandırıla bilərmi?

Şahin Hacıyev: Bəli, prinsipcə bu mümkündür. Xüsusən də bu gün baş verən hadisə, yəni deputat Fazil Mustafaya sui-qəsddə iştirak edən insanların İranla bağlı olması haqqında məlumatları istintaq tam sübut etsə və burada İran səfirliyi, diplomatları ilə hər hansı bir əlaqə üzə çıxsa və hətta üzə çıxmasa belə İran dövlətinin bu siyasəti, bu hərəkətləri diplomatik münasibətlərin indiki səviyyədə qalmasına şərait yaratmır. Nəzərə alsaq ki, Azərbaycanın İrandakı səfirliyi demək olar ki, Tehranı tərk edib. İranın Bakıdakı səfirliyinin işi ən azı hansısa bir müddətə dayandırıla bilər.

Amerikanın Səsi: İran ABŞ və Avropa İttifaqının çoxsaylı sankiyaları altında olan ölkədir. Bu halda ABŞ və Avropa İttifaqının İran-Azərbaycan diplomatik münasibətlərindəki gərginliklə bağlı mövqeyini necə qiymətləndirərdiniz?

Bu hadisələrdən sonra Bakı İranın əleyhinə olan hansısa sanksiyalara qoşula bilər.

Şahin Hacıyev: Onların indiyədək elə bir mövqeyi olmayıb. Daha doğrusu Azərbaycana imkan yaradılırdı ki, İrana qarşı olan sanksiyaları gözləməsin. Bu da onunla izah edilirdi ki, biz yaxın qonşuyuq və bu Azərbaycana təhlükə yarada bilər. Odur ki, indi bu hadisələrdən sonra Bakı İranın əleyhinə olan hansısa sanksiyalara qoşula bilər.

Amerikanın Səsi: İran-Azərbaycan arasında gərginliyə baxmayaraq İran şirkətləri hələ də Azərbaycanın qlobal iqtisadi layihələrində, o cümlədən Şahdəniz layihəsində iştirak edir. Bu layihələrdə iştirakda müəyyən dəyişikliklər ola bilərmi?

Şahin Hacıyev: Bu elə də asan məsələ deyil. Çünki burada beynəlxalq arbitraj məsələsi var. Hansısa bir şirkəti böyük layihədən çıxarmaq üçün çox ciddi əsas lazımdır. Yəni, həmin şirkət imzalanmış kontraktı pozmalıdır və yaxud imzalanmış kontrakta qarşı əks addım atmalıdır. Odur ki, bu sırf hüquqi məsələdir. Amma mənə elə gəlir ki, vəziyyət gərginləşsə hətta bu da baş verə bilər.

Amerikanın Səsi: İran İsraildə Azərbaycan səfirliyi açılan zaman İsrail xarici işlər nazirinin bəyanatına Azərbaycandan izahat istəyir. Sizcə İranın bu tələbi nə qədər reallığı əks etdirir?

Bu molla düşüncəsidir. Bu siyasət deyil.

Şahin Hacıyev: Bu molla düşüncəsidir. Bu siyasət deyil. Yəni bu mollaların düşüncəsi və özlərinə vurğunluğu, özlərindən razı olmaqlarıdır. Onlar hesab edir ki, hamı onlara hesabat verməlidir. Beynəlxalq münasibətlərin necə qurulmasından bunların təsəvvürü yoxdur. Bunlar hesab edir ki, hamı yığılıb bunların moizələrinə qulaq asır. Bunlar barmağını qaldırsa hamı yerindən qalxmalıdır. Bu geridə qalmış və qeyri-adekvat bir rejimdir. Hansı ki, çöküb gedəcək.

Amerikanın Səsi: Bəs problemin həllini nədə görürsünüz?

Şahin Hacıyev: Problemin həlli İranın daxili məsələsidir. İctimaiyyət bunun əleyhinə çıxmalıdır və artıq çıxır. Son bir ildə nə qədər narazılıqlar olduğunu hamımız gördük. Problem ondadır ki, bu cəmiyyətdə ordu, güc strukturlarının hamısı mollaların tam nəzarətindədir. Cəmiyyət kifayət qədər zombiləşib. Ona görə də orduda, polisdə, təhlükəsizlik xidmətində nə qədər ki, bu qüvvələr həlledici rol oynayacaq, bu cəmiyyətdə dəyişiklik etmək çətindir. Yeni, daha böyük miqyasda sosial partlayış bu rejimi devirə bilər.

Mövzuya uyğun

XS
SM
MD
LG