Accessibility links

Xarici İşlər Nazirliyinin sözçüsü: "Azərbaycan səfirliyinə hücum mütəşəkkil şəkildə həyata keçirilən terrordur"


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

"Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı İran polisi terrorçunu zərərsizləşdirmək üçün heç bir addım atmayıb". Bu barədə Azərbaycan Xarici işlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə jurnalistlər üçün keçirilən brifinqdə deyib.

"Avtomat, tapança və "Molotov kokteyli" ilə silahlanmış terrorçu cəhdinin baş tutmadığını gördükdə binanın səfirliyin əməkdaşlarının ailə üzvlərinin yerləşdiyi mərtəbəsindəki mənzillərin pəncərələrinə atəş açmaqla məqsədinə nail olmağa çalışıb. Sonra da səfirliyimizin avtomobilini yandırmağa cəhd göstərib. Daha sonra terrorçunun istifadə etdiyi avtomobildən bir nəfər naməlum şəxs müxtəlif əşyalar götürərək uzaqlaşıb. Bütün bu amillər hadisənin qəsdən törədilmiş terror aktı olduğunu bir daha sübut edir", o qeyd edib.

Onun fikrincə, səfirliyə hücum edən şəxs nümayəndəliyin nəqliyyat vasitəsini yandırmağa cəhd göstərib.

“Növbəti dəfə polisin hadisəyə müdaxilə etməməsindən istifadə edən terrorçu özü ilə gətirdiyi “Molotov kokteyli” tipli yandırıcı maddəni avtomobilindən götürərək səfirliyimizin qarşısında dayanan və nümayəndəliyimizə məxsus nəqliyyat vasitəsini yandırmağa cəhd göstərib. Həmin vaxt ehtiyatsızlıqdan özünü alışdıran terrorçuya polislər dərhal müdaxilə edib”, o bildirb.

Ayxan Hacızadə deyib ki, İrandan hadisəni törədənlərin cəzalandırılması tələb edilib.

“Terrorçunun ruhi xəstə olması barədə iddialar səsləndirilib. Müşahidələrdən görünür ki, bu şəxs heç də ruhi xəstə deyil. Dövlət kanallarına terrordan dərhal sonra müsahibə verməsi bunu sübut edir”, o əlavə edib.

Daha sonra brifinqində Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən hücumun təfərrüatları barədə videoçarx nümayş etdirilib.

Brifinqdən sonra Amerikanın Səsinin suallarının cavabında Azərbaycan Xarici İşlər Nazirliyi sözçüsü Ayxan Hacızadə bildirib ki, indiyə qədər İran tərəfindən heç bir rəsmi məlumat verilməyib.

XİN sözçüsü: "Azərbaycan səfirliyinə hücum mütəşəkkil şəkildə həyata keçirilən terrordur"
please wait

No media source currently available

0:00 0:02:33 0:00

“Bu terror hücumunun təfərruatları barədə bu gün ətraflı məlumat verdik. Təfərrüatlardan göründüyü kimi bu mütəşəkkil şəkildə həyata keçirilmiş və təşkil olunmuş terror hadisəsidir. Bunun arxasında şübhəsiz ki, bir şəxs dayanmır. Bu mütəşəkkil bir terror cəhdi idi. Bu terror hadisəsini törədənlərin, təşkilatçıların müəyyənləşdirilərək cəzalandırılması müvafiq olaraq bu istiqamətdə tədbirlər görülməsi barədə İran tərəfinə müvafiq sorğular göndərilib. Təəssüf ki, indiyə qədər İran tərəfi rəsmi müraciətimizə hər hansı bir cavab verməyib. Eyni zamanda terror aktının törədilməsindən dərhal sonra terrorçuya qarşı göstərilən rəftar, onun saxlanılması istiqamətində hər hansı bir addım atılmaması bir daha nümayiş etdirir ki, İran tərəfinin terrorçunun müəyyənləşdirilməsi, terror aktını törədənlərin, təşkilatçıların müəyyənləşdirilərək cəzalandırılması istiqamətində indiki məqamda hər hansı bir addım atmaq niyyəti yoxdur. Bu istiqamətdə Azərbaycanda cinayət işi açılıb. İran tərəfindən bu terror aktını törədənlər və ümumiyyətlə təşkilatçılar barədə məlumatların verilməsi istiqamətində sorğu göndərilib”, o bildirb.

Bu hadisədən sonra Azərbaycan-İran arasındakı diplomatik münasibətlərin tam dayandırılmasına gəldikdə isə Ayxan Hacızadə bildirib ki, son zamanlar Azərbaycan-İran arasındakı münasibətlər gərgin olub.

“Buna müxtəlif hadisələr səbəb olmuşdur. Eyni zamanda sərhəd bölgəsində İran tərəfinin həyata keçirdiyi hərbi təlimlər, bundan başqa İran mediasında Azərbaycana qarşı qarayaxma kompaniyası, - bunlar Azərbaycan-İran münasibətlərinə mənfi təsir edən amillər olub. 27 yanvar tarixində baş vermiş terror hücumuna gəldikdə, bu münasibətlərə ən mənfi təsir edən hallardan idi. Növbəti mərhələdə Azərbaycan-İran münasibətlərinin hansı formada inkişaf edəcəyini, ümumiyyətlə bu münasibətlərin hansı çalar alacağını indidən bildirmək çətindir. Ancaq şübhəsiz ki, bu terror aktı münasibətlərin son illərdə ən aşağı səviyyəyə enməsinə səbəb olub”, o qeyd edib.

Xatırlatma

Yanvarın 27-də silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə postunu atəşə tutub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivli olduğunu bildirib. Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib. Hadisə İran və Azərbaycan arasında münasibətlərdə son zamanlar gərginliyin artdığı vaxt baş verib.

XS
SM
MD
LG