Accessibility links

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücuma reaksiyalar verilməkdədir


Azərbaycanın Tehrandakı səfirliyi
Azərbaycanın Tehrandakı səfirliyi

Müxtəlif ölkələr yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayan bəyanatlarla çıxış ediblər. Bəyanatlarda səfirliyin həlak olan əməkdaşının ailəsinə başsağlığı verilir, yaralılara şəfa dilənir.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomatla səfirliyin mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hücum edən şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyində çalışan həmkarlarına və onların ailə üzvlərinə Azərbaycanın Tehrandakı səfilrliyində baş verən faciəvi insidentlə bağlı dərin kədərini bildirib.

"İnsident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralılanlara şəfa diləyirik" , ABŞ səfirliyi Facebook səhifəsində bildirib.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum pislənilir.

"Əvvəllər oxşar hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını anlayır və bölüşür. Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi kəsintisiz olaraq davam edəcək", sənəddə qeyd edilir.

Ukrayna Xarici İşlər Nazirliyi də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Olek Nikolenko Twitter-də paylaşım edib.

"Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir. Qurbanın yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik", o vurğulayıb.

İsrail Xarici İşlər Nazirliynin sözçüsü Lior Haiat Twitter hesabında Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

"Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik rəisinin qətlə yetirilməsi ilə nəticələnən xain hücum bizi sarsıdıb və kədərləndirib. Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik", o qeyd edib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Twitter-də paylaşım edib.

"Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı. Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm", o bildirib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko səfirliyə hücumu pisləyib.

"Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər məni dəhşətə gətirdi. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", səfir qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinə hücumla əlaqədar Azərbaycan tərəfinə dərin hüznlə başsağlığı verib.

"Ümid edirik ki, səfirliyə hücuma görə günahkar olan şəxslər məsuliyyətə cəlb ediləcək. Baş verən hadisə 18 aprel 1961-ci il tarixli Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliklərin yerləşdiyi dövlətin hakimiyyət orqanları tərəfindən təhlükəsiz fəaliyyətinin təmin edilməsinin vacibliyini bir daha təsdiqləyir", Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Həmçinin Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında baş vermiş hadisəni şərh edərək, hadisədən şoka düşdüyünü bildirib.

O, Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunun videosunu paylaşaraq "Azərbaycan səfirliyinin mühafizəçisi şir kimi döyüşüb" şərhini yazıb.

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Twitter hesabında yazıb ki, Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsılıb və hər cür zorakılığı pisləyir.

"Düşüncələrimiz və dualarımız qurbanların ailələrilədir", o bildirib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Twitter hesabında bildirib ki, Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir.

"Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirəm", BMT-nin Azərbaycandakı nümayəndəsi qeyd edib.

İran Azərbaycanın mərkəzi şəhəri Təbrizin "Traktor" futbol komandası Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyən bəyanatla çıxış edib.

"Qardaş acısını qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu qəti şəkildə qınayırıq. Terrora son!", bəyanatda qeyd edilir.

XS
SM
MD
LG