Accessibility links

Siyasi məhbus Əkbər Əbulzadəyə məzuniyyət verilmir


Güneyli milli fəal Əkbər Əbulzadə
Güneyli milli fəal Əkbər Əbulzadə

Təbriz Mərkəzi həbsxanasında 10 aylıq həbs cəzasını çəkməkdə olan azərbaycanlı siyasi məhbus Əkbər Əbulzadəyə məsulların vədlərinə baxmayaraq məzuniyyət verilmir.

Bölgədəki hüquq müdafiəçiləri siyasi məhbusun məzuniyyətə buraxılmamasına səbəb kimi “məhkəmə və təhlükəsizlik qurumlarının” müxalif olduğunu qeyd edir.

Əkbər Əbulzadə iyulun 17-də məhkəmə və həbsxana rəsmiləri tərəfindən ailəsi ilə pis rəftar oldunduğu, habelə ona məzuniyyət verilmədiyinə görə etiraz olaraq aclıq aksiyasına başlamışdı. Siyasi məhbus 7 gündən çox davam edən aclıqdan sonra məhkəmə və həbsxana rəsmilərinin məzuniyyət vədi ilə aclıq aksiyasına son qoymuşdu. Lakin həbsxana rəhbərliyinin ona məzuniyyət veriləcəyinə söz verməsindən təqribən 5 ay keçməsinə baxmayaraq, bu vəd yerinə yetirilməyib.

Əkbər Əbulzadə Əhər həbsxanasında saxlanılırdı, ancaq aclıq aksiyasına başladığı zaman Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü. O hazırda bu həbsxanada həbs cəzasını çəkməkdədir.

Əhər sakini olan türk fəal Əbulzadə 2015-ci ilin noyabrında Əhər şəhərində İran Azərbaycanının şəhərlərində keçirilən irqçilik əleyhinə etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb. O, bir neçə milli fəalla birlikdə 2017-ci ildə “sistemə qarşı təbliğat aparmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamı ilə suçlanaraq 10 ay həbs cəzasına məhkum edilib. Bu hökm daha sonra Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

Güneyli fəal 10 aylıq həbs cəzasının tətbiq edilməsi üzrə təhlükəsizlik qüvvələri tərəfindən keçən il iyulun 7-də həbs edilərək Əhər həbsxanasına köçürülüb.

XS
SM
MD
LG