Accessibility links

Güneyli fəal Əkbər Əbulzadə həbs edilib


Əkbər Əbulzadə
Əkbər Əbulzadə

Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində yaşayan milli fəal Əkbər Əbulzadə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu barədə milli fəalın həyat yoldaşı Sara Xudakərəmi öz Instagram səhifəsində məlumat paylaşıb.

Xanım Xudakərəminin paylaşdığı məlumta görə, Əkbər Əbulzadə iyunun 7-də sabah 10:30 radələrində Əhər şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Milli fəalın həyat yoldaşı bir neçə saat sonra Əkbər Əbulzadənin Əhər Həbsxanasına köçürüldüyünü qeyd edib. Əbulzadənin ailəsi ilə qurduğu qısa telefon əlaqəsində o, Əhər həbsxanasına köçürülməsini 10 ay həbs hökmünün icrası ilə bağlı olduğunu söyləyib.

Əkbər Əbulzadə 2015-ci ilin noyabrında İran Azərbaycanı şəhərlərində kütləvi anti-irqçi aksiyalar zamanı tutularaq məhkəmə tərəfindən 10 ay həbsə məhkum edilmişdi.

2015-ci ilində İran televiziyası Fitilə adlı uşaq proqramında türklərin təhqir edilməsinin ardından türk icmasının təpkisi ilə üzləşmişdi. İran televiziyası məsulları bu hadisə ilə əlaqədar üzr istəsələr də İran Azərbaycanının şəhərlərində kütləvi etiraz aksiyaları təşkil olunmuşdu.

Əhər şəhərində həmin aksiyalarla əlaqədar həbs edilən türk fəallar məhkəmə tərəfindən irəli sürülən “ölkənin intizam və təhlükəsizliyini pozmaq məqsədilə rejimə müxalif dəstələrə üzv olmaq”, “daxili təhlükəsizliyi pozmaq məqsədilə birləşmə və sözləşmə” və “ölkənin ümumi intizam və təhlükəsizliyini pozmaq məqsədilə rejimə müxalif dəstələr təşkil və idarə etmək” kimi ittihamlardan suçlanaraq 7 ilə 10 ay həbsə məhkum edilmişdi.

Əbulzadə hökmlə bağlı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti versə də, məhkəmə ilkin hökmü qüvvədə saxlayıb.

XS
SM
MD
LG