Accessibility links

Ekspertlər Azərbaycanın İrandakı səfirliyinə hücuma münasibət bildirir


Silahlı hücumdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin önü.
Silahlı hücumdan sonra Azərbaycanın Tehrandakı səfirliyinin önü.

Yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Nazirlik həmçinin bəyanat yayaraq ölkənin İrandakı səfirliyinə qarşı hücumu terror aktı adlanıdırıb.

İranın İRNA xəbər agentliyi Tehran polisinə istinadən yaydığı məlumatda bildirib ki, “İlkin araşdırma zamanı silahlı şəxsin motivasiyasının şəxsi və ailə problemləri ilə bağlı olduğu məlum olub.”

Vaşinqtonda qərargahlanan Demokratiyaların Müdafiəsi Fondundan Behnam Ben Taleblu Amerikanın Səsinə müsahibəsində İslam Respublikasında xarici səfirliklərə qarşı siyasi fəaliyyətin, terror aktlarının və hətta “müharibə aktlarının” uzun bir tarixçəsinin olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan səfirliyinə hücumla bağlı bir neçə nüans İran hökumətinin narativini şübhə altına alır.

“İran mətbuatı və ingilis dilli mətbuata bunun şəxsi zəmində baş verən bir hadisə olması ilə bağlı hekayənin irəli sürülməsinin sürəti iranlıların Səudiyyə Ərəbistanı səfirliyinə hücum etdikləri və əlbəttə ki, 1979-cu ildə ABŞ səfirliyinə hücum etdikləri zamandan bir az fərqli idi,” o deyib.

Ancaq Taleblu, insidentin arxasında əhəmiyyətli siyasi kontekstin olduğunu vurğulayıb.

Behnam Ben Taleblu
Behnam Ben Taleblu

“İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirib, Dağlıq Qarabağ münaqişəsində müntəzəm olaraq Ermənistanın tərəfində olub, İranda ayrı-seçkiliklə üzləşən etnik azlıq var və İran Azərbaycanı etnik gərginlikləri təşviq etməkdə günalandırır, baxmayaraq ki, problemlərin çoxu mərkəzi hökumətdən qaynaqlanır. Bundan əlavə azərbaycanlılar və israillilər arasında tam diplomatik normallaşma olub,” o deyib.

Ona görə də, onun dediyinə görə, bütün bunlar “bunun dövlət tərəfindən dəstəklənən terror aktının olduğuna və Azərbaycan İsrail arasında münasibətlərin istiləşməsinin bununla bir əlaqəsi olduğuna dair suallar yaradır.” Amma onun fikrincə, hər hansı bir nəticəyə varmaq üçün ətraflı məlumatlara ehtiyac var.

Taleblu bu hadisənin Bakı ilə Tehran arasındakı siyasi münasibətlərə təsir göstərib-göstərməyəcəyinin və ya hər hansı diplomatik və yaxud hərbi qarşıdurmaya gətirib çıxarıb-çıxarmayacağının aydın olmadığını deyib. Amma onun sözlərinə görə, bu iki ölkə və Qafqaz ölkələrinin hər biri arasında münaqişənin olması üçün kifayət qədər səbəb, eyni zamanda isə kifayət qədər də çəkindirici amil var.

Taleblu məsələnin eskalasiya etmək riskinin olduğunu vurğulayaraq bildirib ki, “Qafqaz kaleydoskopik diplomatik, siyasi, iqtisadi və kəşfiyyat əlaqələrin olduğu bir alışqana çevrilir. Bunu Dağlıq Qarabağ münaqişəsində iranlıların ruslar və ermənilərlə olan münasibəti və türklərlə azərbaycanlılar arasındakı münasibətdən görmək mümkündür.”

O bunun siyasi və təhlükəsizlik nəticələrinin olduğunu deyib.

“Düşünürəm ki, bunun hara gedəcəyini zaman göstərəcək, ancaq hər bir tərəfin ritorikasının intensivliyini nəzər salsaq, bunun nə qədər eskalasiya edə biləcəyini görmək olar.”

İranda səfirliklərin təhlükəsizliyi məsələsinə toxunan Taleblu deyib ki, Tehranda diplomatik mülkiyyətə qarşı dövlətin dəstəyi ilə terror və ya zorakılıq aktları olanda, səfiriliklərin təhlükəsizliyi ilə bağlı məsələlər polisin əlindən alınır.

“Amerikalıların 1979-cu ildə çox çətin yolla öyrəndikləri və açıq şəkildə ortaya çıxan məsələ o oldu ki, İranda yerli polis tam səlahiyyətə malik deyil. Onun sözlərinə görə, xarici və ikitərəfli əlaqələr xarici işlər nazirliyi tərəfindən idarə olunur və səfirliklərin təhlükəsizliyi daxili işlər nazirliyi vasitəşilə polis qüvvələrinə həvalə oluna bilər, amma bu baş vemir. “Rejimin inqilab nizəsinin ucu, terroru ixrac edən mənbə kimi ad çıxaran qüvvə İslam İnqilabı Keşikçiləri Korpusudur ki, onlar bu təhlükəsizlik məsələlərinin bir çoxunda daha çox söz sahibi olmağa meyllidirlər,” o bildirib.

Yaxın Şərq İnstitutunun baş elmi işçisi və İran proqramının direktoru Aleks Vatanka isə Amerikanın Səsinə müsahibədə hücumla bağlı hər hansı bir nəticə çıxarmaq üçün daha tez olduğunu bildirib. Ancaq o, hücumun zamanlamasının çox maraqlı olduğunu və İran-Azərbaycan münasibətlərindəki gərginliyin artdığı bir vaxta təsadüf etdiyini vurğulayıb. “Buna görə də bir çox müşahidəçilər bunun təsadüf olmadığına dair nəticə çıxarır və hücumun iki olkə arasındakı münasibətlərdə böhran yaşandığını və onların bir-birilərinə qarşı aylardır söz müharibəsi apardığı bur vaxtda baş verdiyini bildirir,” o deyib.

Vatanka bunu 2020-ci ildə Azərbaycan torpaqlarını Ermənistandan geri alandan bəri davam etdiyini və Azərbaycanın Türkiyə və İsrail ilə tərəfdaşlığının Tehranı məyus etdiyini bildirib.

“Bu, belə desək, dövr son iki ildir davam edir və son bir neçə ayda intensivləşib,” Vatanka bildirib.

Onun sözlərinə görə, bu hadisə iki ölkə arasındakı böhranın daha da dərinləşməsinə gətirib çıxara bilər.

İslam Respublikasında 1979-cu ildən bəri xarici səfirliklərə hücumları təsdiqləyən və təşviq edən siyasi bir mədəniyyətin olduğunu bildirən Vatanka deyib ki, “İranın həqiqətən də bu səfirlikləri qorumaq və ya onların mühafizəsinə kifayət qədər sərmayə qoymaq istəməmək kimi problemi var.” O, xarici səfirliklərə hücum hallarının təkcə İranda baş vermədiyini, amma İran rejiminin bu məsələdə xüsusilə pis təcrübəyə malik olduğunu bildirib.

Regiondakı ümumi geosiyasi duruma toxunan Vatankanın fikrincə iranlar Cənubi Qafqazda geosiyasi trendi dəyişməyə çalışırlar. “İran uzun müddət rusların Cənubi Qafqazda nizamı qoruyub-saxlayacağına, münaqişənin qarşısını ala bilcəyinə inandırdı və bu, Rusiyaya həvalə olunmuşu. Amma İran getdikcə Rusiyanın hər hansı səbəblə bunu edə bilmədiyini gördü. Məsələn Rusiyanın 2020-ci ildə Azərbaycanla Ermənistan arasında müharibənin qarşısını ala bilməməsi. Bu da İranı hərəkətə keçməyə məcbur edir,” o deyib.

Aleks Vatanka
Aleks Vatanka

Onun sözlərinə görə, bu son onillilərdə ilk dəfərdir ki, İran müstəqil hərəkətə keçməyə məcbur olur, çünki iranlılar narahatdır ki, Azərbaycan İsrail və Türkiyəyə təkcə müharibədə tərəfdaş kimi üz tutmaycaq, bəlkə də Bakı İsrail və mümkündür ki, Türkiyəyə onların İrana qarşı geosiyasi rəqabətlərində yardım edəcək. “Bu səbəblə də iranlılar hücuma keçməyin yollarını axtarırlar. Biz İranın Zəngəzur dəhlizinə qarşı çıxdığını, İranın Ermənistanda yeni konsulluq açdığını görmüşük. İran azərbaycanlılara demək istəyir ki, sizin İsraillə tərəfdaşlığınız bizim əleyhimizə istifadə olunsa, biz buna səsiz qalmayacağıq, biz cavab verəcəyik.”

Vatankanın fikrincə, İran Azərbaycanda qeyri-sabitlik yaratmağın yollarını axtara bilər. “İran bəzi azərbaycanlılar arasında şiə müsəlmanlarının həmrəyliyinə çağırış etmək üçün yeni taktikadan istifadə edə bilər. Və əlbəttə ki, Prezident Əliyevin hökuməti buna qarşı çıxacaq. Yəni ümumilkdə çox gərginlik var,” o deyib.

Onun sözlərinə görə, 2020-ci ildə müharibədən sonra yeni reallıq yaranıb və Rusiya İrana yardım etməyəcək. Buna görə də, İran özü hərəkətə keçməli olduğuna inanır.

“Onların nə edəcəkləri və azərbaycanlıların necə cavab verəcəyi çox həssas olacaq, çünki əgər vəziyyət nəzarətsiz qalsa, və emosiyalar yüksək olsa, bu, iki ölkə arasında mümkün silahlı qarşıdurma ilə nəticələnə bilər,” o deyib.

XS
SM
MD
LG