Accessibility links

ABŞ Azərbaycanın İrandakı səfirliyinə hücumu qınayıb


Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu qınayıb və diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın yanvarın 27-də açıqladığı bəyanatda bildirilir.

“Birləşmiş Ştatlar bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu pisləyir. Biz prezident Əliyevin bu qəbuledilməz zorakılığın tez bir zamanda araşdırılması çağırışına qoşuluruq. Bu gün həlak olanların və yaralananların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Harada olursa olsun diplomatlara və ya diplomatik obyektlərə yerdə hər hansı hücum qəbuledilməzdir. Biz İran hökumətinə Cenevrə Konvensiyasına uyğun olaraq İrandakı xarici diplomatları qorumağa dair məsuliyyətini xatırladırıq.”

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum edən şəxs Kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, “görüşdə son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Tehrandakı səfirliyə hücum nəticəsində bir nəfərin həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib və İran hakimiyyətinin bu məsələ ilə bağlı ciddi araşdırmalara başladığını deyib.

XS
SM
MD
LG