Accessibility links

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub - bir nəfər həlak olub


Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı təhlükəsizlik kamerasına qeydə alınan görüntü. Video sosial şəbəkələrdə yayılıb.
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı təhlükəsizlik kamerasına qeydə alınan görüntü. Video sosial şəbəkələrdə yayılıb.

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

“Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir,” nazirliyin məlumatında deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin İrandakı səfirliyinə qarşı terror hücumu barədə bəyanat da yayıb.

Sənəddə deyilir ki, nazirlik Azərbaycanın İrandakı Səfirliyinə qarşı həyata keçirilən xain terror hücumunu şiddətlə qınayır.

“Səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi. İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir. Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik. İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik. Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcək. Baş vermiş terror hücumu nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur", bəyanatda qeyd edilir.

İRNA agentliyi Tehranın polis rəsisinə istinadən yanvarın 27-də naməlum şəxsin Azərbaycanın Tehrandakı səfirliyinə hücumu zamanı bir nəfər həlak olduğunu, iki nəfər yaralandığını təsdiq edib.

Polisin məlumatında qeyd olunur ki, səhər saatlarında naməlum şəxs Azərbaycanın Tehrandakı səfirliyinə hücum edib.

“O, diplomatik nümayəndəliyin mühafizə postuna avromatdan atəş açıb. Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Yaralıların vəziyyətinin stabil olduğu bildirilir. Polis naməlum şəxsi həbs edib, araşdırma aparılır. O, iki uşağı ilə səfirliyə daxil olub. İlkin araşdırma zamanı onun motivasiyasının şəxsi və ailə problemləri ilə bağlı olduğu məlum olub”, İRNA-nın Tehran polisinə istinadən yayadığı məlumatda deyilir.

Tehran Cinayət Məhkəməsinin prokuroru bildirib ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs iddia edib ki, ötən ilin aprelində həyat yoldaşı Azərbaycanın Tehrandakı səfirliyinə gedib və evə qayıtmayıb.

Məhkəmə rəsmisi əlavə edib ki, o Tehrandakı səfirliyə dəfələrlə müraciət edib və hər hansı cavab almayıb.

“Həmin şəxs həyat yoldaşının səfirlikdə gizləndiyini düşündüyünü və onunla görüşmək istəmədiyini bildirib. Prokuror daha sonra hücum edəndən sitat gətirib: “Bu səhər mən artıq aldığım Kalaşnikov avtomatı ilə səfirliyə getməyə qərar verdim”. O, daha sonra bildirib ki, hücum edən şəxs məhkəmə rəsmilərinə səfirliyə hücum motivinin tamamilə şəxsi olduğunu deyib”, İRNA agentliyi prokurora istinadən qeyd edib.

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev Tehranda Azərbaycan Səfirliyinə hücumla bağlı twitter hesabında paylaşım edib.

"Bu gün Tehrandakı Səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", o bildirib.

Prezident terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edib.

“Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir”, Prezident İlham Əliyev qeyd edib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldığını bildirib.

Məlumatda deyilir ki, faktla bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin 12.2 (Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi), 120.2.1 ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;), 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1 (terrorçuluq), 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci (Qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başlanılıb.

XS
SM
MD
LG