Accessibility links

Azər Qasımlı: Tehrandakı səfirliyə silahlı hücumun istintaqında Azərbaycan iştirak etməlidir


Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı
Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Tehranda Azərbaycan səfirliyinə qarşı silahlı hücumun səbəblərindən, o cümlədən Azərbaycan-İran münasibətlərinin perspektivlərindən danışıb.

Amerikanın Səsi: Tehranda Azərbaycan səfirliyinə qarşı silahlı hücumun obyektiv araşdırılması üçün nələr edilməlidir?

Azər Qasımlı: Obyektiv araşdırılması üçün fikirləşirəm ki, Azərbaycan tərəfi də hansısa bir formada bu araşdırmada iştirak etsə, məqsədəuyğun olar. Həm o nöqteyi nəzərdən ki, bu daha obyektiv araşdırılar və həqiqət daha açıq, dürüst şəkildə ortaya çıxar. Digər tərəfdən Azərbaycan-İran arasında münasibətlərə də müsbət təsir göstərər.

Azər Qasımlı: Tehrandakı səfirliyə silahlı hücumun istintaqında Azərbaycan iştirak etməlidir
please wait

No media source currently available

0:00 0:06:25 0:00

Amerikanın Səsi: Bu silahlı hücumu necə qiymətləndirirsiniz ? Hücumun baş verməsinin səbəbləri nədir və arxasında hansı siyasi məqsədlər ola bilər?

Azər Qasımlı: Bu hücumu mənfi qiymətləndirirəm. Hesab edirəm ki, hücum sonuc etibarı ilə Azərbaycan və İran arasında münasibətlərə pis təsir edə bilər. Onsuz da pis olan münasibətlərimiz daha da pisləşə bilər. Görürsünüz, Azərbaycan Tehranda yerləşən səfirliyimizin təxliyyəsi ilə bağlı qərar verdi. Söz-söhbətlər də gəzir ki, bundan sonra ola bilsin ki, diplomatik missiya açılmasın. Diplomatik münasibətlərin korlanmasına gətirib çıxara bilər. Bu da mənfi tendensiyadır. Amma ümumilikdə götürdükdə bilirsiniz, ilk növbədə obyektiv araşdırma həyata keçirilməlidir. Hər kəs bu araşdırmanın həqiqətən dürüst olduğunu görməlidir ki, bununla bağlı son bir mövqeyimizi bildirək. Çünki şərhçilərdən birisi deyir ki, bunun arxasında İran hökuməti dayanır, digərləri deyir dayanmır, hansısa üçüncü ölkələr dayanır. Müxtəlif fikirlər səslənir. Amma düzgün olardı ki, obyektiv araşdırılsın, həqiqət üzə çıxsın.

Amerikanın Səsi: Bundan sonra Azərbaycam-İran münasibətlərinin inkişafını necə görürsünüz?

Azər Qasımlı: Mən hesab edirəm ki, hal-hazırda top İran tərəfdədir. O baxımdan ki, belə bir hadisə baş verdi. İran da Vyana konvensiyasına uyğun olaraq öz üzərinə öhdəlik götürüb ki, öz ərazisində yerləşən diplomatik missiyaların təhlükəsizliyini təmin etsin. Təəssüflər olsun ki, İran tərəfi bunu etməyib. İlk növbədə İran tərəfi bunu etməlidir ki, bundan sonra Azərbaycan və İran arasında münasibətlərin yaxşılaşması ilə hansısa bir fikir söylənilə bilsin. Bayaq qeyd etdiyim kimi obyektiv araşdırılmaya gəlib çıxır ki, Azərbaycan tərəfi iştirak etsə məqsədəuyğun olar. Münasibətlərimizi bu fonda da yaxşılaşdırmaq olar. Amma bunlar olmasa fikirləşirəm ki, bizim münasibtlərimiz necə ki, hal-hazırda pisdir. Bu şəkildə də davam edəcək.

Amerikanın Səsi: Azərbaycan səfirliyinə hücum Azərbaycan tərəfini qanedici şəkildə araşdırılmazsa və təqsirkarlar cəzalandırılmazsa ikitərəfli diplomatik münasibətlərin pozulmasına gətirib çıxara bilərmi?

Azər Qasımlı: Bilirsiniz ki, mən son zamanlar heç nəyə təəccüblənmirəm. Təbii ki, buna da gətirib çıxara bilər. Mənə elə gəlir ki, həm Azərbaycan, həm də İran rəhbərliyi məsuliyyətli davranmaldır. Çünki istənilən insident, istənilən hərbi toqquşma bölgəmizi tamamilə xaosa sürükləyə bilər. Bunda da hər iki tərəf uduzacaq. İran da heç fikirləşməsin ki, Azərbaycan kiçik bir ölkədir və ona hücum edilə bilər. Azərbaycanı qorxudacaq. Bu, mümkün deyil. Niyə mümkün deyil? Çünki bu bölgədə Azərbaycandan başqa digər ölkələr də var. İlk növbədə Azərbaycanın təbii müttəfiqi olan Türkiyə var. Digər tərəfdən də İran çox gözəl bilir ki, dünyada onun düşmənləri həddindən artıqdır. Belə bir vəziyyətdə açığı mən fikirləşmirəm ki, İran rəhbərliyi bütün bunları nəzərə alaraq Azərbaycana qarşı hücuma keçər və yaxud müharibəyə başlayar. Bu ehtimalı aşağı hesab edirəm. Amma dünyada elə hadisələr baş verir ki, biz Azərbaycan dövləti olaraq hər şeyə hazır olmalıyıq. Təhlükəsizliyimizlə bağlı əvvəlcədən hazırlıqlarımızı görməliyik.

Amerikanın Səsi: Bu silahlı hücum aktı Azərbaycan səfirliklərinin təhlükəsizliyinin təmin olunması məsələsini yenidən gündəmə gətirdi. Səfirliklərin mühafizəsinin etibarlı təşkil olunması üçün hansı işlər görülməlidir?

Azər Qasımlı: Mən bayaq Vyana Konvensiyasını qeyd elədim. O konvensiyaya uyğun olaraq hər bir ölkənin öhdəliyi var. Öz ərazisində, yerləşən diplomatik missiyaları qorusun. Söhbət burada diplomatik missiyaların istər konsulluq olsun, istər səfirliklər olsun, burada bayır tərəfindən qorunmasından söhbət getsin. Daxildən qorunması isə həmin ölkənin missiyanın öz öhdəliyində olan məsələdir. Təəssüflər olsun ki, burada onu da qeyd eləmək lazımdır ki, səfirlik nə çöldən, nə də içəridən ciddi şəkildə qorunmurdu. Çünki üzə çıxan videolar var idi, həm içəridən, həm çöldən həmin kadrlar, bizi onu deməyə əsas verir ki, hətta nəinki çöldən, hətta daxildə də təhlükəsizlik məsələləri ciddi şəkildə təmin olunmamışdır.

Xatırlatma

Yanvarın 27-də silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə postunu atəşə tutub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib. Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib. Hadisə İran və Azərbaycan arasında münasibətlərdə son zamanlar gərginliyin artdığı vaxt baş verib. Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb.

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı təhlükəsizlik kamerasında qeydə alınan görüntü. Video sosial şəbəkələrdə yayılıb.
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı təhlükəsizlik kamerasında qeydə alınan görüntü. Video sosial şəbəkələrdə yayılıb.

Azərbaycanın Tehrandakı diplomatik missiyasının əməkdaşları və onların ailə üzvləri yanvarın 29-da xüsusi təyyarə reysi ilə Bakıya gətirilib. Ümumilikdə 53 nəfərin təxliyə edildiyi bildirilir.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib və diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

Rəsmi Bakı Azərbaycanın İrandakı səfirliyində təhlükəsizlik qaydalarının əməl olunub-olmaması ilə bağlı hələ açıqlama verməyib.

Milli Məclisin deputatı Rasim Musabəyov Amerikanın Səsinə bildirib ki, obyektiv araşdırma istintaqa Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb olunmasını tələb edir.

"Hər-halda belə bir təcrübə mövcuddur. Belə olduğu halda Azərbaycanda bu istintaqa etimad yarana bilər. Vacibdir ki, təkcə bu şəxsin Azərbaycan səfirliyinə hücum etməsi yox, həmçinin Azərbaycan səfirliyini mühafizə etmək vəzifəsi olan işçilərin səhlənkarlığı açıq-aşkar müşahidə olunur. Bu araşdırılmalıdır. Təkcə hücum edən şəxs yox, həm də İran hökümətinin səfirliyi mühafizə edən şəxsləri cəzalandırlmalıdır. Onların fəaliyyəti də qiymətləndirilməlidir. Elə tədbirlər həyata keçirilməlidir ki, mühafizə etibarlı olsun".

please wait

No media source currently available

0:00 0:02:08 0:00

Deputat Azərbaycan-İran münasibətlərində hələlik müsbətə doğru heç bir dəyişiklikliyin olacağını gözləmir.

"Bu vaxta qədər Tehran rejiminin hər addımında Azərbaycan-İran münasibətlərinə xələl gətirilən davranış müşahidə olunur. Ona görə Tehran rejimi Azərbaycana qarşı yuxarıdan aşağı baxır. Düşünmürəm ki, münasibətləri qaydaya saılmaq mümkün olsun. Təbii, Azərbaycan səfirliyi oraya qayıtmayacaq. Münasibətlərin yaxşılaşmasını gözləməyə dəyməz. Səfirliyin oraya qayıtması aparılan istintaq və İran höküməti tərəfindən təminatdan asılıdır. Elə təminat olmalıdır ki, Azərbaycan səfirliyi Tehranda öz fəaliyyətini normal diplomatik qaydalara uyğun şəkildə həyata keçirə bilsin", Musabəyov qeyd edib.

XS
SM
MD
LG