Accessibility links

Azərbaycan XİN: Baş verənlər mürəkkəb olan Azərbaycan-İran münasibətlərini daha da gərginləşdirir


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Yanvarın 27-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nzirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, görüşdə Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu və "Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası"ndan irəli gələrək nümayəndəliyin binasını hər cür hücumlardan qorumaq və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin qəbul edən tərəfin vəzifəsi olduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

"Bu xüsusda, İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qətiyyətlə tələb olunub. Görüşdə habelə, son zamanlar İranda ölkəmiz əleyhinə planlı şəkildə anti-Azərbaycan kampaniyasının aparılmasından təəssüf hissi keçirildiyi, baş verənlərin onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirdiyi diqqətə çatdırılıb" , Xarici İşlər Nazirliyi bildirir.

İran səfiri Seyid Abbas Musəvi Azərbaycan səfirliyinə qarşı silahlı hadisəni kəskin şəkildə pisləyərək baş verənlərdən dərin kədər hissi keçirdiyini, səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verdiyini bildirib.

"Səfir görüşdə İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra ictimaiyyətə açıqlanacağını vurğulayıb" , məlumatda qeyd edilir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Tehrandakı səfirliyə hücum nəticəsində bir nəfərin həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib və İran hakimiyyətinin bu məsələ ilə bağlı ciddi araşdırmalara başladığını deyib.

İRNA agentliyinin məlumatına görə, Nasser Kənani vurğulayıb ki, İran təhlükəsizlik qüvvələri hücumçunun tutulması üçün çevik addımlar atıb və hazırda o, istintaq altındadır.

"Ölkənin siyasi və təhlükəsizlik orqanlarının xüsusi göstərişi ilə bu məsələ yüksək prioritet və həssaslıqla araşdırılır ki, bu hərəkətin miqyası və hücum edənin motivi müəyyən edilir" , o qeyd edib.

İbtidai istintaqın hücum edənin motivinin şəxsi olduğunu göstərdiyini deyən Kənani iş üzrə istintaqın davam etdiriləcəyini və nəticələrin mətbuata açıqlanacağını bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

XS
SM
MD
LG