Accessibility links

Tehranda səfirliyə qarşı törədilmiş terror aktının qarşısını alan şəxslər təltif edilib


Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı təhlükəsizlik kamerasında qeydə alınan görüntü. Video sosial şəbəkələrdə yayılıb.
Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı təhlükəsizlik kamerasında qeydə alınan görüntü. Video sosial şəbəkələrdə yayılıb.

Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Azərbaycan prezidentinin rəsmi saytında deyilir .

“2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən mərd və qətiyyətli hərəkətlərinə görə Tağıyev Vasif 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Əsgərov Orxan (ölümündən sonra) və İmanov Mahir Vətən uğrunda” medalı ilə” təltif olunub”- sərəncamda deyilir.

Xatırlatma

Yanvarın 27-də silahlı şəxs Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə postunu atəşə tutub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib. Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hadisə İran və Azərbaycan arasında münasibətlərdə son zamanlar gərginliyin artdığı vaxt baş verib. Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb. Azərbaycanın Tehrandakı diplomatik missiyasının əməkdaşları və onların ailə üzvləri yanvarın 29-da xüsusi təyyarə reysi ilə Bakıya gətirilib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib və diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.

XS
SM
MD
LG