Accessibility links

Milli Məclis üzvü Erkin Qədirlinin parlament seçkiləri haqda dedikləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb


Milli Məclisin "Respublikaçı Alternativ" Partiyasından (REAL) olan deputatı Erkin Qədirlinin yanvarın 25-də yayılmış açıqlaması bir neçə gün sosial şəbəkələrdə gündəmə çevrildi.

Deputat Erkin Qədirli bloger Mehman Hüseynovun "Mənə bir nəfər deputat adını çəkin, hansı ki, həqiqətən, xalqın səsini qazanıb və Milli Məclisdə oturur" sualına belə cavab verib: "Onu heç özüm haqqında da deyə bilmərəm, çünki demokratik seçki olsa, onda əminliklə demək olardı. Amma demokratik seçki yoxdur axı bizdə".

Bu açıqlamadan sonra bir neçə deputat Qədirlinin dediklərini birmənalı qəbul etməyiblər, bəziləri isə İntizam komissiyasının onunla bağlı qərar qəbul etməsini istəyiblər.

Açıqlamadan sonra parlamentin vitse-spikeri Adil Əliyev Erkin Qədirliyə etiraz edib, onun bu açıqlama ilə Azərbaycan parlamentinə kölgə saldığını bildirib: "Özünü müxalifətin nümayəndəsi sayan həmin millət vəkili blogerliyə iddia edən “jurnalistin” sualına cavab verə bilmirsə, bu o demək deyil ki, bütün millət vəkillərinə qara yaxmalıdır".

"Bəzi parlament üzvləri siyasi savadlarının güclü olmadığını bir daha biruzə verdilər"

"Respublikaçı Alternativ" Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü Natiq Cəfərli deputat Erkin Qədirlinin Azərbaycanda demokratik seçkilərin olmadığı ilə bağlı fikirlərinə aydınlıq gətirib. Natiq Cəfərlinin sözlərinə görə Azərbaycanda demokratik seçkilərin keçirilmədiyi ilə bağlı fikirlər yeni deyil və bu nə "REAL" Partiyasının, nə də Erkin Qədirlinin icadıdır. Cəfərli bildirib ki, beynəlxalq təşkilatlar hər seçkidən sonra seçkilərin demokratik keçirilmədiyi ilə bağlı rəsmi hesabatlar verir:

"Erkin Qədirlinin açıqlaması çox sadə və iki cümlədən ibarət bir açıqlama idi. Bu açıqlamanın məğzi ondan ibarətdir ki, Azərbaycanda seçkilər demokratik deyil, demokratik mühitdə keçirilmir. Bu da yeni bir şey deyil, yer yumrudur, öz oxu ətrafında fırlanır tezisi nə qədər təbii bir tezisdirsə, qəbul olunmuş bir tezisdirsə, Azərbaycanda seçkilərin demokratik olmadığı tezisi də eyni qaydada hamı tərəfindən qəbul olunan bir tezisdir. Bu, nə Erkin Qədirlinin, nə də "REAL" partiyasının icadı deyil. Azərbaycanda monitorinq aparan ATƏT-in Demokratik Təsisatlar və seçki monitorinq qrupu, Avropa Şurasının nümayəndə heyəti hər seçkidən sonra Azərbaycanda seçkilərin demokratik ab-havada keçirilmədiyi ilə bağlı dəfələrlə rəsmi hesabatları olub. Həmin qurumları Azərbaycan hökuməti rəsmi olaraq dəvət edir".

Natiq Cəfərli qeyd edib ki, "REAL" Partiyası Parlament seçkilərindən sonra seçkinin qiymətləndirməsi ilə bağlı bəyanat yayıb.

"Həmin o sənəddə də Azərbaycandakı seçkilərin anti-demokratik ab-havada keçirildiyini, demokratik qaydalarının pozulduğunu, rəqiblərə bərabər şəraitin yaradılmamasını və bu seçkilərə mənfi təsir göstərdiyi haqqında bizim rəsmi mövqeyimiz var. Erkin Qədirli də həmin rəsmi mövqeyi bir daha səsləndirib. Çox təəssüf ki, Erkin Qədirlinin parlamentdə təmsil olunan bəzi həmkarları, yumşaq desəm, siyasi savadlarının o qədər də güclü olmadığını bir daha biruzə verdilər. Çünki onlar bu tezisin "saxta seçilmisiniz" tezisi ilə eyniləşdirdilər", deyə siyasətçi bildirib.

"Prezident, parlament və yerli hakimiyyət strukturları xalqın iradəsilə formalaşmayıb"

"Müsavat" Partiyasının başqanı Arif Hacılı Azərbaycanda keçirilən seçkilərlə bağlı Amerikanın Səsinə müsahibə verib. "Müsavat" başqanı bildirib ki, son dövrlərdə keçirilən seçkilərdə, nəinki onun nəticələri saxtalaşdırılıb, bu seçkilərdə normal seçki prosesinin getməsinə imkan verilməyib:

"Parlament seçkilərinin saxta olması, seçkilərin nəticələrinin saxtalaşdırılması ilə əlaqədar deyilən fikirlər yeni deyil, bu cəmiyyətə məlum olan fikirlərdir. Seçkilər yalnız seçki günü saxtalaşdırılmır. Belə ki, seçki kampaniyasının dövrü çox qısadır, seçki kampaniyası dövründə bərabər hüquqlu rəqabət şəraiti yaradılmır. Eyni zamanda, bütün Seçki Komissiyalarının hakimiyyətin nəzarəti altında olduğu bir şəraitdə seçkilərin demokratik olduğunu iddia etmək qeyri-mümkündür".

Arif Hacılı bildirib ki, bəzi müxalifət partiyaları seçkilərdəki saxtakarlıqları və pozuntuları üzə çıxarmaq üçün seçki prosesinə qatılır, öz namizədlərini irəli sürür.

"Əgər seçkilərdə hər hansı bir namizəd həqiqətən qalib gəlibsə və onun dairəsində seçki saxtakarlığına baxmayaraq, namizəd qalib gəlməyə nail olubsa həmin şəxslərin parlamentdə iştirakına da normal yanaşmaq mümkündür. Erkin Qədirlinin dediyi fikir tamamilə həqiqəti əks etdirir, çünki mənim dediyim şərtlər daxilində heç kəs demokratik yolla, bərabər hüquqlu rəqabət şəraitində parlamentin üzvü seçildiyini iddia edə bilməz. Təxminən 10 ildir ki, Azərbaycanda nəinki seçkilərin nəticələri saxtalaşdırılır, hətta seçki prosesinin aparılmasına imkan verilmir. Bu baxımdan prezident, parlament və yerli hakimiyyət strukturları legitim deyil, xalqın iradəsi ilə formalaşmayıb" -deyə, "Müsavat" başqadı bildirib.

Amerikanın Səsi bir neçə deputatla əlaqə saxlamaq istəsə də, deputat köməkçiləri millət vəkillərinin vaxtının olmadığını bildiriblər.

Erkin Qədirli "TV Müsavat"ın canlı yayımında həmkarlarının dediklərini normal qarşıladığını bildirib: "Bir deputat bir fikir səsləndirə bilər, başqa deputat da əks, tənqidi fikir söyləyə bilər. Alışın buna”.

XS
SM
MD
LG